"Sumqayıt"la icarə müddətim başa çatdığı üçün "Keşlə"yə qayıtdım". Bu sözləri matç.az saytına açıqlamasında qapıçı Orxan Sadıqlı deyib.

Cari mövsümün əvvəlində "Sumqayıt"a 6 aylıq icarəyə verilən 25 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu "Keşlə"yə qayıdıb. O, mövsümün sonuna qədər paytaxt klubunda qalmaq istədiyini söyləyib. Sadıqlı son qərarın baş məşqçi Tərlan Əhmədovla görüşdən sonra veriləcəyini vurğulayıb: "Sabah və ya birigün Tərlan müəllimlə görüşəcəm. Yəqin ki, "Keşlə"də qalacam. Bu klubla mövsümün sonuna qədər müqaviləm var. Ondan sonrası Allah kərimdi".

Sadıqlı "Sumqayıt"a əsas qapıçı kimi keçsə də, Topaz Premyer Liqasının ilk yarısında cəmi 2 oyunda meydana çıxa bilib. O, bu məsələdə "Sumqayıt" rəhbərliyini günahlandırıb: "Mən "Sumayıt"a gedəndə birinci qapıçı olacağım danışılmışdı. Amma başqa şeylər gördüm. İnanın ki, bu haqda danışanda əsəbləşirəm. Mehdi Cənnətovla rəqabətə tab gətirməmək söhbəti deyil. Mən Mehdidən heç də zəif qapıçı deyiləm. Demirəm ki, Mehdi zəifdi. Hər kəs özünə görə yaxşıdı. Mehdi "Sumqayıt"da idi, mənə də demişdilər ki, səni əsas qapıçı kimi götürürük. Oynamaq üçün o cür pulu, kollektivi atdım. Ancaq elə hərəkət etdilər ki, mənimlə sanki belə bir söhbət olmayıb. Turdan-tura gördüm ki, başqa məsələlər var. "Sumqayıt"da vədlərinə əməl etmədilər. Mən Kamran Ağayev kimi qapıçı ilə rəqabət aparmışam. Oyunlarım da göz önündədi. İkinci qapıçı olmaqla razılaşmıram, oynamaq istəyirəm".

Qeyd edək ki, Orxan Sadıqlının iştirak etdiyi matçlarda "Sumqayıt" 10-cu turda "Qarabağ"a 0:2, XI turda isə "Keşlə"yə 1:4 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest