Azərbaycan Premyer Liqasında XIV turun startı ilə qış fasiləsi başa çatdı. Matç.az xəbər verir ki, yeni ilin ilk turunun ən diqqətçəkən oyunu "Sabah"la "Qarabağ" arasında keçirildi.

Düzdü, turnir cədvəlinin potensial lideri ilə autsayder üz-üzə gəlirdi. Ancaq heyət zənginliyi və perspektiv baxımından "Qarabağ"a, bəlkə də, ən layiqli rəqib "Sabah"dı. Komandalar meydana heç də ideal heyətlə çıxmamışdılar. Meydan sahiblərində Saşa Stamenkoviç, Ruslan Abışov və Bəhlul Mustafazadə zədədən əziyyət çəkirsə, Coşqun Diniyev, Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Ramil Şeydayev kimi futbolçular ehtiyatdan başlamışdı. Abışov və Diniyevin yoxluğunda komandanı meydana kapitan qismində Filip İvanoviç çıxarmışdı. Qonaqlarda isə Kevin Medina, Elvin Cəfərquliyev, Donald Gerye və Filip Ozobiç müxtəlif səbəblərdən matçı buraxırdı.

Rəqibə görə beşli müdafiə və cinahlara diqqət

Oyunu əsasən rəqibə görə formalaşdıran bakılıların baş məşqçisi Visente Qomez "Qarabağ"ın cinahlardan daha təhlükəli olacağını nəzərə alaraq, beşli müdafiə sisteminə üstünlük vermişdi. Abışov-Mustafazadə cütlüyünün yoxluğunda 3 mərkəz müdafiəçisi iştirak edirdi. İvanoviçin sağında Amin Seydiyev, solunda isə debüt oyununa çıxan Bəxtiyar Həsənalızadə yer almışdı. Slavik Alxasovla Şakir Seyidov müvafiq olaraq sol və sağda müdafiəçi/yarımmüdafiəçi funksiyasını daşımalı idi. "Qarabağ"ın ağırlığı mərkəzə qoymayacağını düşünən ispaniyalı mütəxəssis orta sahədə Mario Marina və onun bir qədər önündə Aleksey İsayevlə kifayətlənmişdi. Hücum "trio"su isə əcnəbilərdən qurulmuşdu. Oyun üslubu bir-birinə yaxın olan Amadu Diallo-Fofana Tiemoko-Kevin Kubemba soldan sağa doğru düzülmüşdü.

Ağdamlılarda əsas dəyişiklik müdafiə ilə bağlı idi. Bədavi Hüseynovun yanında Rahil Məmmədov yer almışdı. Gerye və Cəfərquliyevin yoxluğunda kapitan Maksim Medvedev məcburiyyətdən sola çəkilmişdi, onun sağdakı mövqeyini Abbas Hüseynov doldurmalı idi. 4-3-3 taktiki düzülüşündə Qara Qarayev həmişəki dayaq yarımmüdafiəçisi vəzifəsini icra edir, önündəki Patrik Andrade ilə İsmayıl İbrahimli hücumlara dəstək verirdi. Abdullah Zubir və Kvabena Ovusu öz mövqelərində hücumun cinahlarında qərarlaşmışdı. Mərkəz hücumçusu boşluğunu Mahir Emreli doldurmalı idi.

"Qarabağ"ın həmlələrini "məharətlə" puç edən Emreli

5-2-3 hər nə qədər qəribə görünsə də, Visente Qomez ilk dəqiqələrdən cinahalara daha çox diqqət yetirməkdə haqlı olduğunu göstərdi. Ancaq həmin mövqelərdə oyunçu çoxluğuna baxmayaraq, futbolçular üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmirdi. İlk dəqiqələrdə komandanın oyununda pərakəndəlik hiss olunurdu. Həlledici mövqelərdə yeni transferlərin olmasının, fərqli sxemdə çıxış etməyin və rəqibin "Qarabağ" olmasının bunda rolu böyük oldu. "Qarabağ"a ilk real qol vəziyyətini ev sahibləri özləri hədiyyə etdi. İvanoviç adi epizodda topu qəbul edə bilmədi. Top qapıçı ilə üzbəüz epizodda Mahir Emrelinin işlək olan sol ayağına düşsə də, millimizin forvardı zərbə əvəzinə "kəşfə çıxmağa" çalışmaqla şansı qaçırdı. Buna baxmayaraq, ilk dəqiqələr hesabın qonaqlar tərəfindən tezliklə açılacağından xəbər verirdi. Korner zamanı Diallonun Abbasa yaxın oynamaması, Rahilin arxası qapıya tərəf qəbul etdiyi topu Marinanın "yuxulaması" sayəsində dönərək xorvatiyalının önündən tora qovuşdurmasına səbəb oldu.

Bir qədər sonra Marina yenə heç nədən "Qarabağ"a təhlükəli əks-hücum imkanı yaratdı. Xorvatiyalı, ümumiyyətlə, görüşün ən zəifi idi. Meydanda ağır hərəkət etməsi və əksər epizodlarda topa müdaxilə əvəzinə rəqibi kobudluqla dayandırması bakılıları tez-tez çətin duruma salırdı. Sadəcə, "Qarabağ"ın mərkəzdən həmlələri səmərəli alınmırdı, alınanda da Emreli onu "məharətlə" puç edirdi. ümumilikdə ilk hissə Qurban Qurbanovun yetirmələrinin nəzarəti altında keçdi. "Sabah"ın ön xətdə "dişsiz" olması qonaqların müdafiə xəttini də rahatladırdı. İki yarımmüdafiəçi ilə oynayan meydan sahiblərində hücumçuların geriyə kömək etməməsi rəqibin tez-tez orta sahədə böyük boşluq tapmasına gətirib çıxarırdı. Ancaq "Qarabağ"da da Ovusu Kvabena istisna irəlidəki oyunçular lazımi səviyyədə deyildi.

Bir Ovusu etməyən hücum "trio"su

İkinci hissə də eyni ssenaridə başladı. "Sabah"da əsas problem oyunu üzərinə götürən liderin yoxluğu, hücumçuların fərd olaraq təkbaşına heç nə edə bilməməsi, yarımmüdafiəçilərdən asılı keyfiyyətə malik olması idi. Xüsusən də, yeni transfer Fofana həm fiziki, həm də oyun praktikası baxımından əziyyət çəkirdi. Fofananın yanındakı Diallo və Kubemba ilə anlaşması da çox aşağı səviyyədə idi. Forvardları ucaboy olduğundan, "Sabah"ın müdafiəçiləri uzun ötürmələrlə onların "ikinci mərtəbə"dəki bacarığına bel bağlayırdı. Amma hücumçular bu özəllikdə də rəqib müdafiəçilərinə uduzurdu.

Oyunun ən yaxşısı Ovusunu göstərmək olar. Sağ vinger kimi oynasa da, hücum qurucusu funksiyasını üzərinə götürür, driblinqləri ilə rəqib müdafiəçilərini həyəcanlandırırdı. Həsənalızadə ilə Alxasov həmin cinahda onu zərərsizləşdirməyi bacarmırdı. Həndəvərində müdafiəçilər olduğu vaxtda belə, qanalı forvard özü özünə qol şansı yaradırdı.

Mümkünsüzü etmək cəhdi və qırılma anı

Dəqiqələr keçdikcə oyunu bərabərləşdirməyə çalışan "Sabah" futbolçularının ilk ciddi həmləsi qolla nəticələndi. İsayevin ara pası zamanı Abbasın gözdən qaçırdığı Diallo ideal ötürmə ilə Maksimi sürətdə üstələyən Kubembanın asan qol vurmasına şərait yaratdı. Paytaxt təmsilçisində baş məşqçi Marinaya 61 dəqiqə dözə bildi. Onun əvəzinə meydana daxil olan Coşqun orta sahədə canlanma yaratdı. Hətta 66-cı dəqiqədə Diniyev assist müəllifi ola bilərdi. Lakin onun əla ötürməsi zamanı qapıçı ilə təkbətək çıxan Kubemba ən uğursuz seçimi edərək, topu kənara vurdu. Həmin anda sol ayaqla qol vurmaq olduqca çətin olsa də, görünür fransalı mümkünsüzü reallaşdırmağa cəhd etdi. Bunu əminliklə görüşün qırılma anı və ya həlledici epizodu saymaq olar.

Qurbanovun qələbə gətirən dəyişikliyi

Qonaqlarda ilk əvəzləmə meydanda bəzi yerdəyişmələrə səbəb oldu. Oyuna qoşulan Toral Bayramov hücumun soluna keçdisə, onun əvəzlədiyi İsmayılın əvəzinə pleymeyker funksiyasını Zubir yerinə yetirməli idi. Bu uğurlu dəyişikliklər isə "Qarabağ" qələbəyə daşıdı. Əslində, hesab bərabərləşdikdən sonra "Sabah" futbolçularının qələbə topu üçün ehtiyatsız şəkildə bütünlüklə irəli atılması cəzalandırılmalarına yol açdı. Sürətli əks-hücumda rəqibi azlıqda yaxalayan qonaqların heyətində Zubir-Kvabena-Bayramov "tro"sunun ideal paslaşması yekununda Emreli topu boş qapıdan keçirməkdə bu dəfə borclu idi. Gənc Toralın paxıllıq etməyib çətin vəziyyətdə də olsa, daha əlverişli mövqedə dayanan Mahiri görməsi xüsusi qeyd olunmalıdı.

Va-banka getmək də işə yaramadı

Visente Qomez 80-ci dəqiqədəki əvəzləmələrlə va-banka getdi. Xulio Sezar Rodrigez meydana daxil olduqdan sonra düzülüş 4-4-2 kimi görünsə də, əslində komanda 4-2-4 kimi oynayırdı. İki mərkəz hücumçusu və cinahlarda Diallo ilə Kubemba məğlubiyyətdən qaçmaq üçün komandaya kömək olmalı idi. Ancaq bu da irəlidə heç bir fayda vermədi. Qurban Qurbanov isə son dəqiqələrdə Uroş Matiçi mübarizəyə qoşaraq komandasının müdafiə sistemini daha da gücləndirdi. Nəticədə "Qarabağ" çətin səfərdən qalibiyyətlə döndü – 2:1.

Beləliklə, qış fasiləsindən sonrakı ilk oyun göstərdi ki, bərabər səviyyəli 5 hücumçuya malik "Sabah" əslində bir normal ön xətt oyunçusuna malik deyil. İspaniyalı baş məşqçinin əlinin altındakı forvardlar oyun üslubuna görə də bir-birinə çox bənzəyir və komandanın qol yükünü daşıyacaq potensialda deyil. Bakılılar bir qolçu transferi etməsə, mövsümün qalan hissəsində Qomezin işi çətin olacaq, yük əsasən yarımmüdafiəçilərin üzərinə düşəcək. "Qarabağ"ın problemi isə alternativli heyətə sahib olmamasıdı. Bu da mövsümün sonlarına yaxın Qurbanovun başını çox ağrıda bilər.

 Bizi "Telegram"da izləyin: t.me/matcaz

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest