“Telstar” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderland Birinci Divizionunda 20-ci turun "TOP Oss"la matçında iştirak etməməsinin səbəbi bəlli olub.
 
Matc.az xəbər verir ki, bu barədə “Report”a 23 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
 
Kökçü deyib ki, heyətdə olmaması sənədləşmə prosedurlarının qısa müddətdə tamamlanmaması ilə bağlıdır: "Həftəsonu AZ klubunun əvəzedici komandası ilə görüşdə heyətdə olacağam".
 
Oyunçu yeni komandası ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: "Telstar" çox yaxşı sistem qurub, baş məşqçinin də burada rolu var. Bu sistemə tez uyğunlaşmalı və məşqlərdə özümü yaxşı tərəfdən göstərməliyəm. İnanıram ki, əsas heyətdə yer tutacağam".
 
Yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələ oyunlarında Azərbaycan yığmasının heyətində yer almaq istədiyini vurğulayıb: "Milli ruh hər şeydən əvvəl gəlir. Dəvət gələcəyi təqdirdə, orada olacağam".
 
Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest