"Beşinci səbətdən qrupa düşən komanda haqda da danışa bilərəm. Azərbaycan yığması zəif komanda təsiri bağışlaya bilər. Ancaq onlar istənilən rəqibə xoşagəlməz sürpriz yaşada bilər".

"Xorvatiya, Uels, Slovakiya ilə qrupda yer almağımızın bizim üçün üzücü olub-olmadığını oyunlardan sonra biləcəyik. Yoxlamadan heç nə bilmək olmur". Matç.az saytının məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis Macarıstan mətbuatına geniş müsahibəsində geridə qalmaqda olan ili dəyərləndirib. 54 yaşlı çalışdırıcı eyni zamanda AVRO-2020-nin seçmə qrup mərhələsinin püşkatmasını da dəyərləndirib.

Rossi Xorvatiyanı qrupun aşkar favoriti hesab edir: "Noyabrda ardıcıl iki qələbə futbolçularımızda özünəinamın artması baxımından önəmli oldu. Yetirmələrin futboldan həzz alaraq oynayırlarsa, bundan məmnun qalmalısan. Onların cəsarəti məni sevindirdi. Topu itirdikləri zaman ikiqat aqressivləşir, onu geri qaytarmağa çalışırdılar. Qrupumuzdakı komandalardan yalnız Xorvatiyanın bizdən güclü olduğunu deyə bilərəm. Etiraf edək ki, onlardan uzağıq. Uels və Slovakiya ilə təxminən eyni gücdəyik. Hədəfimiz püşkatmadan sonra da dəyişməyib. Məncə, ikinci yeri tutmaq şansımız mövcuddu. Ancaq bunun üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Əks təqdirdə, istəyimizə çata bilmərik. Uelsin Qaret Beyl kimi oyunçusu var. Həmçinin digər futbolçular da Premyer Liqa və çempionşip klublarında yer alır. Slovakiyanın da əksər oyunçuları böyük ölkələrdə top qovur. Bizim də haqqında eyni sözləri deyə biləcəyimiz 6-7 oyunçumuz var. Asan olmasa da, ümidsiz deyilik".

Baş məşqçi püşkatma mərasimindən sonra rəqiblərin çalışdırıcıları ilə görüşdüyünü də əlavə edib: "Slovakiya yığmasının baş məşqçisi Pavel Hapalla görüşdüm. Ancaq Rayan Giqqzlə görüş zamanı hiss elədim ki, o, bizimlə oyunlara görə narahat deyil. Macarıstan yığmasını hələ tanımadığını bilmir. Yanlış düşünə də bilərəm. Xorvatiyanın baş məşqçisi Zlatko Daliç sevincli idi. Püşkdən razı görünürdü. Beşinci səbətdən qrupa düşən komanda haqda da danışa bilərəm. Azərbaycan yığması zəif komanda təsiri bağışlaya bilər. Ancaq onlar istənilən rəqibə xoşagəlməz sürpriz yaşada bilər. Xüsusən də, onlara lazımi diqqət ayırmayan, yuxarıdan aşağı baxan cəzasını çəkər. İndidən zəmanət verə bilərəm ki, biz belə bir səhvə yol verməyəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest