Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cütlüyü bəllidi. Matç.az saytının məlumatına görə, dünənki 1/4 final qarşılaşmalarından sonra "Sumqayıt"la "Zirə" final yolunda rəqib olacaq.

Bu isə o deməkdi ki, Azərbaycan kubokunun finalında yeni ad görəcəyik. çünki nə "Zirə", nə də "Sumqayıt" indiyə qədər bunu bacara bilib. Paytaxt təmsilçisi ilk dəfədi yarımfinalda iştirak hüququ qazanırsa, "kimyaçılar"da bu, ikinci şansdı. "Gənclik şəhəri" təmsilçisi ilk olaraq ötən mövsüm ölkə kubokunda yarımfinala qədər irəliləmiş və gələcək qalib "Keşlə"yə məğlub olmuşdu.

ümumiyyətlə, "Sumqayıt" özü ilə yanaşı, şəhərin tarixində ilkə imza ata bilər. çünki Sumqayıtın əvvəlki klubları "Xəzər" və "Gənclərbirliyi" də final üzü görməyib.

İndiyə qədər Azərbaycan kubokunda 25 final görüşü oynanılıb. "Sumqayıt" - "Zirə" duelinin qalibi 17-ci finalçı kimi tarixə düşəcək. Ən çox final matçı keçirən komanda isə "Neftçi"di - 10 dəfə.

Bugünkü "Sabah" - "Qəbələ", "Keşlə" - "Qarabağ" qarşılaşmalarından sonra yalnız bir komandanın 18-ci finalçı olmaq imkanı nəzəri cəhətdən qala bilər. "Qəbələ", "Keşlə" və "Qarabağ" bu həyəcanı yaşayıblarsa, Topaz Premyer Liqasının debütantı "Sabah" 18-ci finalçı olmaq şansını davam etdirmək üçün ilk olaraq "Qəbələ" səddini keçməlidi.

Qeyd edək ki, "Sumqayıt"la "Zirə" arasında yarımfinal oyunları 23 aprel - 1 may tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest