Uzun fasilədən sonra Azərbaycan millisinə çağırılan Rüfət Dadaşov Almaniyanın "Bild" nəşrinə müsahibə verib. Matç.az saytının məlumatına görə, "Proyssen"in forvardı yığmaya dəvətlə bağlı hisslərini bölüşüb.

- Azərbaycan millisinə dəvət sizi təəccübləndirmədi?

- Yenidən vətənim üçün oynamaq mənim xəyalım idi. Düzünü desəm, belə erkən dəvət gələcəyini gözləmirdim. Buna görə, "Proyssen" klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

- Orda əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin mövqeyimdə rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdi milliyə çağırılmadığım üçün digər oyunçuların çoxundan xəbərim yoxdu.

- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da çağırılanlar arasındadı…

- Dmitri Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orda yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşmək imkanım oldu. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Azərbaycan yığmasını nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bundan yararlanmaq üçün əlimizdən gələni edəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest