"Ağır oyun oldu. "Neftçi" yaxşı rəqibdir. Açığı deyim ki, hesaba oynayırdıq. Əks-hücumlarda irəli getməyə çalışırdıq". Matç.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Aleksey İsayev deyib.

Rusiyalı legioner Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Neftiçi" ilə cavab oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə matç barədə fikirlərini açıqlayıb və sualları cavablandırıb: "özümə gəlincə, ola bilər ki, yaxşı bərpa olunmamışdım. Bu üzdən ilk yarıda özümü o qədər də meydanda hiss etmirdim. Fasilədən sonra bir az özümə gəldim. İlk yarıda bərbad oynamışdımsa, ikincidə nisbətən yaxşı çıxış etdim. Artıq qış fasiləsidir. Evdə, ailənin yanında yaxşı dincəlib, sonra yolumuza davam edəcəyik.

- Qol buraxandan sonra komandada narahatçılıq var idi ki, rəqib daha bir dəfə fərqlənə bilər?

- Yox. Açıq deyim ki, xüsusi narahatçılıq yox idi. Biz futbolçular hamımız dərk edirdik ki, qalib gəlməliyik. İki oyunun yekununda da qələbə qazandıq. "Neftçi" yaxşı komandadır. Bu rəqibə da ən yaxşısını arzulayıram.

- Matçdan sonra soyunub-geyinmə otağında qələbəni bayram edirdiz. Səs-küy kənarda da eşidilirdi...

- Əlbəttə. çempionatın liderini məğlub etmək xoşdur. Futbolçular bütün qüvvəsini meydanda qoydu. Bunun qarşılığında emosiyaların da belə olması normaldır. Bütün komandanı, personalı təbrik edir, "əhsən" deyirəm.

- Belə demək olar ki, kubokda ən yüksək vəzifələr üçün mübarizə aparacaqsız?

- Əlbəttə. Biz çempionat və kubokda ən yüksək vəzifələri təxirə salmamışıq. Həmişə oyuna qələbə üçün çıxırıq. Yekunda necə olacağı isə sonda bilinəcək.

- Yarımfinalda rəqibiniz "Zirə"dir...

- Yaxşı komandadır. İki dəfə görüşmüşük. Hərəmiz bir dəfə qalib gəlmişik. Oyunlara ciddi hazırlaşacağıq. Toplanışda üzərimizdə çalışacağıq.

- Mövsümün ilk yarısını aktivinə yazmaq olar?

- Mən özünütənqidə üstünlük verirəm. Həmişə ən yaxşıya can atıram. Daha yaxşı oynaya bilərəm. İki ildə çox şey baş verib. Bütün bunlar məndə qalacaq. Qayıdacağam, ən yaxşı formamı bərpa edəcəyəm. Daha da yaxşı oynayıb, yalnız irəli doğru gedəcəyəm.

- Azərbaycan kubokunun yarımfinalını karyeranın zirvə nöqtəsi saymaq olar, yoxsa nə vaxtsa belə uğurun olub?

- Yarımfinala çıxmamışdım. Rusiyada "Yenisey"lə Premyer Liqaya yüksəlmişdim. Bunu karyeramın ən böyük uğuru sayıram. Lakin düşünürəm ki, böyük nailiyyətlərim hələ irəlidədi.

- "Sumqayıt"la yoxsa...

- Həm "Sumqayıt"la, həm də gələcəkdə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest