Türkiyənin “Adanaspor” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən 30-nun pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanların 21-i isə futbolçudur. Əvvəlki günlərdə də bu klubda koronavirusa yoluxanlar olduğundan, hazırda “Adanaspor”da bütövlükdə 40 nəfər karantindədir. Onlardan 29-u məhz futbolçudur.
 
Yaranmış vəziyyəti nəzərə alan Türkiyə Futbol Federasiyası artıq bu klubun “Boluspor”la matçını təxirə salıb. 1-ci liqanın 11-ci turu çərçivəsində noyabrın 30-da keçirilməsi nəzərdə tutulan bu görüşün başqa tarixdə baş tutacağı qeyd olunub.
 
Qeyd edək ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Boluspor”da da koronavirusa kütləvi yoluxma var. Bu komandanın da azı 10 futbolçusunda COVİD-19 aşkarlandığı üçün karantinə alınıb. Hətta Araz Abdullayev də komandanın son dövrlərdə baş tutan məşqlərinə qatılmır və bu, onun da koronavirusa yoluxduğuna dair ehtimalları artırır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest