"Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günləri xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərə rəhmət diləyirəm, qazilərə işə şəfa arzulayıram".
 
Matc.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun 2020/21 mövsümünün püşkatma mərasimində deyib.
 
PFL rəhbəri bildirib ki, ötən mövsüm koronavirusa görə ölkə kubokunun finalı baş tutmayıb: "Arzu edək ki, bu il yarışı başa vurmaq nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, ölkə kubokunun finalını Qarabağda keçirərik. Stadion hazır olarsa, böyük fəxrlə finalı Qarabağda edərik. Hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".
 
"Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması "Sabah" klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir. Həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindəyik. Orada alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq".
 
Musayev kubokun reqlamentində dəyişiklik edilmədiyini sözlərinə əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest