Filip Koku ilə yollarını ayıran "Fənərbaxça" hollandiyalı mütəxəssisə 2 milyon avro təzminat haqqı ödəyib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, bununla Türkiyədə "dörd böyüklər" növbəti dəfə əcnəbi mütəxəssisi müqavilə müddəti bitmədən qovub.

"Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" son 18 ildə birlikdə 14 əcnəbi mütəxəssisi istefaya göndərib. 2000-ci ildən bəri qovulan həmin məşqçilərə isə 32 milyon avro təzminat ödənilib. Son qurban Koku da cibini dolduraraq İstanbulu tərk edib.

Rekord "Beşiktaş"dan 8,5 milyon avroluq təzminatla ayrılan Visente del Boskeyə məxsusdu. "Qalatasaray"da Frank Raykard, "Fənərbaxça"da Luis Araqones, "Beşiktaş"da Jan Tiqana 3 milyon avro alaraq göndərilib.

2000-ci ildən bəri "Qalatasaray" 6, "Fənərbaxça" 4, "Beşiktaş" 3, "Trabzonspor" 1 əcnəbi ilə təzminat ödəyərək yollarını ayırıb. "Cim-bom" Frank Raykard, Çezare Prandelli, Mixael Skibbe, Erik Gerets, İqor Tudor və Mirça Luçeskuya, "kanarya" Luis Araqones, Kristof Daum, Vitor Pereyra və Filip Kokuya, "qara qartal" Visente del Boske, Jan Tiqana və Bernd Şusterə, "bordo-mavililər" isə Vahid Halilhodziçə təzminat verib.

Ayrılıqlar üçün "Beşiktaş"ın 12,5 milyon, "Qalatasaray" və "Fənərbaxça"nın 9,3 milyon, "Trabzonspor"un isə büdcəsindən 980 min avro çıxıb.

Təzminat maddəsindən imtina edən yeganə əcnəbi məşqçi Roberto Mançini olub. İtaliyalı mütəxəssis "Qalatasaray"dan ayrılarkən 12 milyon avrodan imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest