Bir həftə əvvəl çempionat matçında üz-üzə gələn "Neftçi" ilə "Sumqayıt" bu dəfə ölkə kubokunun 1/4 final mərhələsində qarşılaşırdı. "Gənclik şəhəri" təmsilçisi Premyer Liqa oyununda rəqibini büdrətməklə "dişini" göstərmişdi.

Hər iki komandanın heyətində dəyişikliklər var idi. Meydan sahiblərində cəzasını çəkən Tural Axundov və Baqali Dabo heyətdəki yerini almışdı. Axundovun dönüşü Anton Krivotsyukun müdafiənin mərkəzinə, Slavko Braliçin isə ehtiyata keçməsinə səbəb olmuşdu. Dabo isə Namiq Ələsgərovu ilk "11-lik"dən kənara atmışdı. Zədəli Emin Mahmudovun boşluğunu orta sahədə Qoran Paratski doldurmalı idi. Meydanda yerdəyişmələr olsa da, Roberto Bordin dekabrın 9-dakı oyun sistemini dəyişməmiş, yenə ənənəvi 4-3-3-ə üstünlük vermişdi.

Əvəzində onun həmkarı Ayxan Abbasov həm sistem, həm də heyətdə islahata getmişdi. Cavid Tağıyev, Süleyman Əhmədov və Əfran İsmayılov müxtəlif səbəblərdən heyətə salınmamışdısa, baş məşqçi bir həftə öncəki görüşün sonlarındakı 4-lü mərkəz müdafiəçisi ilə başlamışdı. Arif Daşdəmirovla Yusif Nəbiyev cinahlarda həm müdafiəçi, həm də yarımmüdafiəçi funksiyasını yerinə yetirirdilər. Xəyal Nəcəfovla Əli Babayev dayaq yarımmüdafiəçisi kimi çıxış edirdilərsə, Aleksey İsayev pleymeyker, Atilla Yıldırım hücumçu mövqeyində qərarlaşmışdı.

İlk oyundan dərs çıxarmayan, əl-qolu bağlanan "Neftçi"

İlk dəqiqələrdəki mübarizə göstərdi ki, "Neftçi" bir həftə əvvəlki oyundan dərs çıxarmayıb. Daha doğrusu, Bordin rəqibin müdafiədəki "qıfılını" açacaq "açarı" tapa bilməmişdi. Onun həmkarı 8 müdafiəyəmeyilli oyunçu meydana buraxsa da, komandanın hücum bacarığı rəqibdən güclü görünürdü. "Sumqayıt" müdafiə olunarkən 6-3-1, hücuma keçərkən isə 4-4-2 sisteminə keçirdi. Oyunun böyük hissəsinin "Neftçi"nin diktəsi altında keçəcəyi məlum idi. Belə hallarda qonaqların 4-lü müdafiəsi mərkəzdə sıxlıq yaradır, cinahlardakı boşluğu isə Daşdəmirovla Nəbiyev doldururdu. Əli Babayev nisbətən sağa, Xəyal Nəcəfov da sola meyilli çıxış edirdi. Rəqib hansı cinahdan həmlə edirdisə, ora yaxın olan şəxs komanda yoldaşlarının köməyinə çatırdı. Məhz bu üzdən ev sahiblərini hər iki cinahda "kimyaçılar"ın azı 3 oyunçusu bağlayırdı. Həmçinin ortada da yaradılan sıxlıq "Neftçi"nin hərtərəfli əl-qolunu bağlamışdı. Hər iki halda Babayev-Nəcəfov tandeminə çox iş düşürdü. Hadisələri qabaqlayıb deyim ki, onlar bunun öhdəsindən layiqincə gəldilər. Komanda hücuma keçərkən isə Bəxtiyar Həsənalızadə sol, Şəhriyar Əliyev sağ cinah müdafiəçisinə çevrilir, Aleksey İsayev də gizli hücumçu kimi çıxış edirdi.

İnsayd görünüb, sərbəst oynayan Dario

"Sumqayıt"da Nəbiyevlə müqayisədə Daşdəmirov çox irəli çıxa bilmirdi. Bu da çox güman ki, Dabonu boş buraxmamaq üçün atılmış addım idi. Diqqətçəkən məqam qapıdan zərbələr zamanı Şəhriyarla Arifin yer dəyişməsi idi. çünki Mehdi Cənnətov topu birbaşa Şəhriyara tərəf havalandırırdı ki, bu da onun "ikinci mərtəbə"dəki üstün oyunundan qaynaqlanırdı.

O ki qaldı meydan sahiblərinə, Dario sağ cinah insayd kimi görünsə də, meydanın hər yerində onu görmək mümkün idi. Bir növ braziliyalıya sərbəstlik verilmişdi. çünki Bordin çox yaxşı bilirdi ki, bu cür komandanın qapısına yalnız 2 formada yol tapmaq mümkündü: uzaq məsafədən zərbələr və fərdi ustalığı ilə seçilən Dario ilə.

"Vurmayana vurarlar" prinsipi iş başında

Məharətlə müdafiə olunan "Sumqayıt"ın əks-hücumları kifayət qədər ciddi təhlükə yaradırdı. Qonaqlar hətta 2 nəfərlə də topu rəqib qapısına tərəf "daşıya" bilirdi. Krivotsyukla Kiril Petrovun zəif çıxışı da bunda müstəsna rol oynayırdı. Hər iki mərkəz müdafiəçisi təkbətək mübarizələrdə rəqibə uduzurdu. Məhz bu üstünlük 28-ci dəqiqədə hesabın açılmasına gətirib çıxardı. İsayev təkbətək epizodda Petrovu keçdi və Səlahət Ağayev onu yalnız kobudluqla dayandıra bildi. Nəticədə təyin olunan penaltini Əli Babayev özünə əmin şəkildə qola çevirdi. Bundan sonra "Neftçi"də kimin hansı mövqedə oynadığını "tutdurmaq" çətin idi. Rəqib müdafiəsində boşluqlar tapmaq üçün ön xətt oyunçuları müntəzəm olaraq yerdəyişmələrə əl atırdılar. Ancaq bunların da bir faydası olmurdu. 30-cu dəqiqədə Axundovun uzaq məsafədən zərbəsi zamanı Cənnətovun mövqeyini itirməsi az qala qolla nəticələnəcəkdi. "Neftçi" qarşılaşmada ilk real qol vəziyyətini ilk hissəyə əlavə edilmiş 1-ci dəqiqədə yaxaladı. Standart vəziyyətdən ötürmə zamanı uzaq küncdə özünü unutdurmağı bacaran Dario qapıçı ilə üzbəüz dueldən məğlub ayrıldı. "Vurmayana vurarlar" prinsipi isə 45+5-ci dəqiqədə öz sözünü dedi. Kornerdən ötürülən topu Soni Mustivarı hava mübarizəsində qabaqlayan Şəhriyar Əliyev başla qapıdan keçirdi.

Roberto Bordin seyirçi rolunda

0:2 hesabı ilə geridə olan və heç nə edə bilməyən komandada dəyişiklik qaçılmaz idi. Məhz belə məqamda baş məşqçi işi ön plana çıxmalı idi. Ancaq Bordin fasilədən sonra eyni "11-liy"i meydana buraxdı. Bununla belə, komanda hissənin əvvəlində fərqi minimuma endirməyə yaxın oldu. Müdafiə xəttindəki ani diqqətsizlik Darionun zərbə mövqeyinə çıxmasına yol açdı. Lakin "sambaçı" bu dəfə çərçivəyə düşə bilmədi. Rəqibin təzyiqi artırdığı dəqiqələrdə Əli Babayevin əvəzlənməsi "Sumqayıt" üçün heç yerinə düşmədi. İlk hissənin sonlarında zədələnən və yalnız 53-cü dəqiqəyə qədər mübarizəni davam etdirə bilən birinci qolun müəllifini Cavid Tağıyevin əvəzləməsi bəzi yerdəyişmələrə səbəb oldu. İsayev artıq geriyə çəkildi, Tağıyev isə onun yerini tutdu. Aleksey daha çox yaradıcı futbolçu olduğundan, Xəyal Nəcəfov dağıdıcı kimi tək qalmışdı. "Neftçi"nin təzyiqi artırdığı dəqiqələrdə isə qonaq qapıçı həyəcanlı anlar yaşamağa başladı. Bakılıların böyük ümidlər bəslədiyi Darionun həlledici zərbələrinin nəticəyə təsir etməməsi və əksər epizodlarda ayağında çox top saxlayaraq, onu itirməsi komandanı çıxılmaz vəziyyətə salmışdı. Təsadüfi deyil ki, Bordin də tez-tez məhz braziliyalının üstünə qışqırırdı. Onun 62-ci dəqiqədəki mükəmməl driblinqini isə Mustivar məntiqi sonluğa çatdıra bilmədi. Dabonu rəqib müdafiəçilər arxası qapıya tərəf qarşılayır, dönməsinə imkan vermirdilər. Bunu bacardığı zaman isə kiçik foulla qarşısı alınırdı. Bu üzdən əsas yük Frederikonun çiyinlərində idi.

Hər əvəzləmə ilə dəyişilən sistem

"Neftçi"nin aramsız hücumları və rəqibin müdafiə xəttində buraxdığı boşluqlar qolun yaxınlaşdığını göstərirdi. Bu məqamda Şəhriyar Əliyevin zədələnməsi, bəlkə də, "Sumqayıt"ın xeyrinə oldu. çünki "gənclik şəhəri" təmsilçisi dəyişiklik etməsəydi, qol buraxacaqdı. Şəhriyarın əvəzinə Murad Xaçayevin meydana daxil olması sistemdə də dəyişikliyə səbəb oldu. Komanda 5-li müdafiəyə keçdi və 5-2-2-1-lə orta sahədə sıxlığı artırdı. "Neftçi"də isə Paratskinin yerinə Namiq Ələsgərovun oyuna qoşulması ilə sistem 4-2-4-ə çevrildi. Artıq Dabo ilə Mirabdulla Abbasov mərkəzdən, Dario ilə Namiq cinahlardan qol axtarışına çıxmalı idi. Bununla çempionat matçındakı hadisələrin bir növ təkrarını yaşadıq. Bu dəfə də hissənin sonlarına yaxın "Neftçi" müdafiədə boşluqlar buraxmağa başladı. Ancaq "Sumqayıt"da sonradan meydana daxil olan Cavid Tağıyevin komanda yoldaşlarını başa düşməməsi, bəzən isə onlara mane olması perspektivli hücumu yarımçıq kəsirdi.

İşə yaramayan 5 hücumçu

76-cı dəqiqədə Atilla Yıldırım - Nicat Qurbanov əvəzləməsi "Sumqayıt"da növbəti dəfə həm sistemin, həm də meydandakı yerlərin dəyişməsinə yol açdı. Ayxan Abbasovun tez-tez oyuna müdaxiləsi qarşısında aciz qalan Roberto Bordinin ehtiyatdan oyunu gücləndirəcək futbolçusu da yox idi. Abbasov bir növ bu gedişlərlə həmkarını çaşbaş vəziyyətə salmışdı. Bir sözlə, bir həftə əvvəl çempionat duelində həmkarını "noqdaun"a salan "Sumqayıt"ın çalışdırıcısı bu dəfə ona "nokaut"la qalib gəldi.

Matçın son 15 dəqiqədə qonaqlar yenidən 4-lü mərkəz müdafiəçi sxeminə qayıtdı. Bu dəfə Rail Məlikov sağ, Yusif Nəbiyev həmin 4-lünün sol cinahında yer aldı. Arif Daşdəmirov Nəbiyevin önünə keçdisə, Nicat sağ cinahda oynamağa başladı. "Neftçi"nin hücum etdiyi dəqiqələrdə "kimyaçılar" 6 nəfərlə müdafiə olunurdular. İsayevlə Tağıyev isə irəlidə əks-hücum üçün məqam axtarırdılar. "Sumqayıt" bütünlüklə geriyə çəkilməsinə baxmayaraq, bakılılar qol vəziyyətləri yaratmaqda davam edirdilər. Sonlara yaxın 3 dəqiqə ərzində Mirabdulla və Rəhman real qol şansını qeyri-dəqiq zərbə ilə əldən verdi. Son 10 dəqiqədə artıq Krivotsyuk da hücumçu kimi çıxış edir, Petrovun yanında Mustivar qalırdı. Bir sözlə, "Neftçi" son dəqiqələri 5 hücumçu ilə keçirdi. Düz-əməlli müdafiə oluna bilməyən Krivotsyuk hücum bacarığının da nə dərəcədə zəif olduğu göstərdi. Belə ki, U-21 millimizin üzvünün 88-ci dəqiqədə komandasına penalti qazandırmaq cəhdi uğursuz nəticələndi. Əliyar Ağayev isə simulyasiyaya görə, onu ikinci sarı vərəqə ilə meydandan qovdu.

10 nəfərlə qaldıqdan sonra kor-koranə hücumlar edən "Neftçi"nin cəhdləri faydasız qaldı və "Sumqayıt" 2:0 hesabı ilə qalib gələrək, yarımfinal yolunda önəmli addım atdı.

Diqqətdən qaçmadı...

- Ayxan Abbasovun futbolçularına verdiyi motivasiya görülməyə dəyərdi. Hətta yetirmələri səhv etdiyi anlarda belə, əlavə tapşırığa ehtiyac duymur, onları ruhlandırırdı. Əksinə, Roberto Bordin oyunçularına tez-tez göstərişlər verir, səhv etdikləri zaman isə onları sərt şəkildə xəbərdar edirdi.

- Penalti epiodunda topu əlinə alan Əli Babayev texniki zonaya tərəf qaçaraq, baş məşqçidən zərbəni yerinə yetirmək üçün icazə istədi. Abbasov da yetirməsinin "həvəsini qursağında qoymadı". Yarımmüdafiəçi isə topla Səlahəti fərqli künclərə göndərdi.

- Birinci hissənin sonlarına yaxın Bəxtiyar Həsənalızadə 1-2 epizodda önündəki Yusif Nəbiyevin üstünə qışqırdı. "Sumqayıt"ın məşqçisi Elnur çodarov hətta Bəxtiyara sakit olmağı tapşırdı. Matçda kiçik fasilə yarandığı zaman isə Yusifin yanına yaxınlaşan Bəxtiyar başını oxşayaraq, komanda yoldaşının könlünü aldı.

- 37-ci dəqiqədə meydanın mərkəzində Əli Babayev zədə aldı. Həkim müdaxiləsi zamanı Tural Axundov ora yaxınlaşaraq, vaxt apardığını işarə vurdu, yerdə uzanan Babayevi sərt şəkildə ayağa qaldırıb kənara aparmağa çalışdı. Bu isə qonaq komandanın və azarkeşlərin kiçik narazılığına səbəb oldu.

- "Sumqayıt"ın ikinci qolunun ötürməsini sanki Ayxan Abbasov verdi. Fasiləyə artıq saniyələr qaldığından futbolçular paslaşaraq başlamağı və vaxtı "öldürməyi" düşünürdülər. Lakin baş məşqçi qapı qarşısına ötürmə edilməsini tapşırdı. Yusif Nəbiyevin də asmasını Şəhriyar Əliyev başla qola çevirdi.

- 72-ci dəqiqədə Tural Axundovla Atilla Yıldırım arasındakı mübarizə zamanı rəqibinə ilişərək yıxılan ikinci qışqır-bağır salmağa başladı. Əliyar Ağayev "davam" işarəsi versə də, 4-cü hakimin müdaxiləsindən sonra oyunu dayandırdı və Axundova sarı vərəqə göstərdi.

- Nicat Qurbanov meydana daxil olan zaman əlindəki kağızı Rail Məlikova verdi. Məlikov da baş məşqçinin həmin kağızda qeyd etdiyi oyun sisteminə uyğun meydanda komanda yoldaşlarını yönləndirdi.

- Matça əlavə olunmuş dəqiqələrdə Rail Məlikov aut atarkən ona yaxınlaşan Roberto Bordin nələrsə dedi. Məlikov da rəqib baş məşqçiyə təəccüb dolu baxışlarla onun nə söyləmək istədiyini anlamağa çalışırdı. Cütlük arasında xırda dialoq 4-cü hakimin müdaxiləsi ilə böyümədən başa çatdı.

- Oyun "Bakcell Arena"da keçirilsə də, "Sumqayıt"ın 20 azarkeşinin səsi tribunaları bürümüşdü. Bu da meydan sahiblərinin dəstəksiz qalmasının nəticəsi idi. "Forza Neftçi" fan-klubu matçı boykot etdiyindən, bakılılar meydanda sanki yarımçıq qalmışdı.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest