"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Torpaqlarımız yavaş-yavaş qayıtmağa başlayır. Xüsusilə, Füzulinin alınması böyük uğur oldu. Allah ordumuzu qorusun. Gəncədəki hadisə hamımıza məlumdur, bu gün futbol oynasaq da, bu hadisələrlə bağlı daha çox düşünürük. Hamımız üzülürük, oyundan çox danışmaq istəmirəm. Qalib gəldik, baxmayaraq ki, ölkədə vəziyyət başqadır. çalışırıq ki, biz də "Qarabağ"ın üzərinə düşəni edək. Bir neçə gün vaxtımız var, Avroliqa matçına hazırlaşacağıq. ölkəmizi layiqincə təmsil etmək istəyirik. Oyun 3:0 hesabıyla bitsə də, asan olmadı. Matçdan əvvəl "Qəbələ" haqda futbolçularımla danışmışdım. Rəqib aqressiv oyun oynadı. Vacib 3 zal qazandıq.
 
- Həmkarlarınızdan olan Rəşad Sadıqov Cəbrayıla getmişdi. Siz də belə bir şey etmək istəyirsiz?
- Müharibə olmayan yox, müharibə olan yerdə aktiv olmaq istəyirik. Hərənin öz üzərinə düşən vəzifəsi var. Bizim işimiz də bacardığımızı etməkdir. Burda çalışıb özümüzü elə idarə etməliyik ki, bizim də dəstəyimiz olsun. Tək bununla yox, həm də virusa qarşı çalışmalıyıq ki, özümüzü sağlam saxlayaq. Əsas vəzifəmiz onların işinə qarışmamaqdır. İstəyirik ki, biz də arxa cəbhədə yox, ön cəbhədə olaq. Amma burda da öz üzərimizə düşəni etməliyik.
 
- Əlinizdəki heyət nəyə imkan verir?
- Əlimizdə olan heyətlə Avroliqanın qruplarına vəsiqə qazandıq. Komandama güvənirəm və düşünürəm ki, daha yaxşı oyun göstərəcəyik.
 
- Avroliqadakı ev oyunlarının Bakıda keçirilməsi ilə bağlı bir qərar var?
- Bu günə olan məlumata görə, ev oyunlarımızı Bakıda keçirməliyik. Problem oyunun gec başlamasıdır. İlk olaraq çalışırıq ki, oyunlarımız Bakıda olsun. Hələ "yox" cavabı almamışıq, amma bu olan halda, düşünəcəyik.
 
- "Makkabi"ni təhlil etmisizmi, necə komandadır?
- Yaxşı komandadır. Daha çox 5-4-1 sistemiylə oynayırlar. Son oyunda səhv etmirəmsə, 5 oyunçuları yox idi. Topla oynamağı sevən komandadır. Nadir oyunlarda topla oynama faizi rəqibdən aşağı olur. çox ciddi hazırlaşmalıyıq.
 
- Maksim bu oyunda iştirak edə bilər?
- Sual altındadır.
 
- Bu həftədən artıq sıx qrafik başlayır. Vəziyyətdən necə çıxmağı düşünürsüz?
- çətin olacaq desəm, indidən özümü sığortalamış olacam. Belə hallarda komandanın işi çox olur. üstünlüyümüz Avroliqadakı oyunlarda 5 dəyişikliyin olması olacaq. Zədəlilərimiz olur və bunu tam düzəldə bilmirik. 6-7 aylıq fasilədən sonra futbolçular tam formalarını bərpa edə bilmir və zədələnir. Düzü, heyətimizdəki gənc oyunçulara çox güvənirəm. Düşüncələrimdə cavanların əsas komandanın daxilində olması var idi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda həll etməyi sevirəm. Əlimdə olan futbolçularla yaxşı oyun göstərməyin problem olmayacağını düşünürəm. çətin olmayacaq. Təcrübəmiz buna imkan verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest