"Dünən yeni tərkibdə Elxan müəllimlə ilk görüşümüz oldu. ümumi istiqamətlər müəyyənləşdirildi, rəhbərliyin strategiyasından danışdıq. Daha sonra da Fəxri xiyabana yollandıq". Bu sözləri matç.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Məşqçilər Komitəsinin yeni tərkibdə ilk görüşü keçirilib. Bir sıra aktual mövzular ətrafında müzakirələrin aparıldığı görüşdə Azərbaycan millisi və aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı komitə tərəfindən təklif və tövsiyələrin hazırlanaraq baş katibliyə təqdim edilməsi xahiş olunub.

Vaqif Sadıqov konkret namizədlərin adlarının təhlil aparılması üçün onlara da veriləcəyini söyləyib. Onun fikrincə, yeni çalışdırıcı böyük ehtimalla əcnəbi mütəxəssis olacaq: "Görüşdə deyildi ki, kifayət qədər namizəd var. Hazırda rəhbərlik tərəfindən onlarla bağlı dolğun informasiyalar əldə olunur, danışıqlar aparılır. Namizədlərin sayı get-gedə məhdudlaşdırılacaq. Bundan sonra konkret namizəd olan məşqçilərin siyahısı bizə də veriləcək. Onları təhlil edib, öz rəyimizi bildirəcəyik. Namizədlərin çoxu əcnəbidi, onlar haqda geniş məlumatlar toplanılır. Etiraf edək ki, Qurban Qurbanov ölkəmizdə bir nömrəli məşqçidi. Onunla da qarşılıqlı razılıqla yollar ayrıldı. İstiqaməti tamamilə ayrı yerə yönləndiririksə, hesab edirəm ki, gedişat əcnəbi məşqçi seçiminə doğrudu".

Yığmamızın sabiq çalışdırıcısı yeni baş məşqçinin mümkün qədər tez müəyyənləşməsinin tərəfdarıdı: "Yeni baş məşqçinin nə zaman bəlli olacağı hələ dəqiq bilinmir. Məşqçilər Komitəsi olaraq biz tez müəyyənləşməsinin tərəfdarıyıq. çünki martda Avropa çempionatının seçmə mərhələsi start götürəcək. Vaxtımız azdı. Yeni baş məşqçi nə qədər tez fəaliyyətə başlasa, bu, ümumi işin yalnız xeyrinə olar".

Dünənki görüş zamanı həmçinin qeyd olunub ki, baş məşqçi namizədləri ilə keçiriləcək müsahibə-görüşlərdə Məşçilər Komitəsi də iştirak edəcək. Sadıqov həmin şəxsdə görmək istədiyi xüsusiyyətləri də sadalayıb: "Əvvəlcə gərək bilək hansı məşqçidi. İstər yerli, istərsə də əcnəbilər arasında kifayət qədər adlı-sanlı məşqçilər Azərbaycan yığmasında çalışıb. Niyyəti bizimlə eyni olan, ürəyi komanda ilə döyünən, Azərbaycan futboluna sevgi, sadiqliklə yanaşan, burda qalan, futbolumuzla birlikdə fəaliyyət göstərən məşqçinin olması çox vacibdi. Hesab edirəm ki, bizim istedadlı futbolçularımız var. Böyük uğurlara imza atmaq üçün isə yeni çalışdırıcı ilə niyyətimizin eyni olması çox vacibdi".

59 yaşlı mütəxəssis sonda aşağı yaş qrupu üzrə yığmalara seçim zamanı tələsməməyi məsləhət görüb: "Məncə, bu məsələdə öncə əsas millinin çalışdırıcısının müəyyənləşməsi vacibdi. çünki onun fikri, rəyi çox önəmlidi. Bu üzdən aşağı yaş qrupları ilə bağlı tələsik addım atmaq olmaz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest