"Qarabağ" klubunun direktoru Əmrah çəlikəlin matç.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında artıq fasilə yarandı. "Qarabağ"ın mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirərdiniz?

- Əlbəttə ki, fasiləyə birinci yerdə getmək istəyərdik. Ancaq liderlə aramızda 3 xallıq fərq var ki, bu da çox deyil. İkinci dövrədə bu fərqi aradan qaldırmağa çalışacağıq.

- Bu il gərgin qrafiklə yanaşı, kənar təzyiqlər də çox oldu. Bunun fonunda qış fasiləsinə 3 xallıq fərqlə yollanmağı müsbət hal kimi qiymətləndirmək olarmı?

- çempionatın hələ ortasındayıq, sona isə çox var. Hədəflərimiz böyükdü. "Neftçi"nin də böyük hədəfinin olması həm çempionatımıza əlavə rəng qatır, həm də bizi sevindirir. Kim layiqdisə, o da çempionluq sevinci yaşayacaq.

- Cari mövsümün müəyyən dönəmində komandada sanki geriləmə müşahidə edildi. Bunu nə ilə əlaqələndirmək olar?

- Bəzi oyunlarda gözlənilməz nəticələr ola bilər. Komandanın çıxışı barədə müxtəlif fikirlər var. Açığı, mən hansısa geriləmə olduğunu düşünmürəm. Ancaq varsa belə, yəqin ki, baş məşqçimiz bu barədə lazımi tədbirləri görər. Bizim üçün Qurban müəllimin fikri, qərarı önəmlidi.

- Qurban Qurbanov eyni anda həm millidə, həm də klubda çalışdığı üçün onun özünə də təzyiqlər çox oldu. Bəlkə bunun da təsiri var idi?

- Gəlin, razılaşaq ki, Qurban müəllim bu yükün altından çıxmağı bacardı. Göstərdiyi nəticələr göz önündədi. Bu gün "Qarabağ"da heç bir problem yoxdu. O, millidə çalışdığı dönəmdə də olmayıb. AFFA rəhbərliyinin qərarına hörmətlə yanaşırıq. Milli komanda hamımızın fəxridi və ona xidmət etmək bizim borcumuzdu.

- Millidən ayrıldıqdan sonra yəqin ki, baş məşqçiyə dəstək klub tərəfindən ikiqat artacaq?

- Bizim Qurban müəllimə həmişə tam dəstəyimiz olub. Millini çalışdırdığı vaxtda da, ondan sonra da.

- çempionatın səviyyəsinin get-gedə aşağı düşməsinin "Qarabağ"a ciddi təsirini hiss edirsinizmi?

- Sizinlə razıyam. Ancaq biz "Qarabağ" üçün çalışa, əlimizdən gələni edə bilərik. Təbii ki, çempionatımızın səviyyəsinin qalxmasını, komandaların sayının artmasını, daha çox oyunlar keçirməyi biz də arzulayırıq. Belədə azarkeş sayı da artar. Amma bu məsələdə əlimizdən heç nə gəlmir.

- İki gündən sonra Avropa Liqasının qrup mərhələsində son oyununuza çıxacaqsınız. Komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirmək olar?

- "Arsenal"la oyun üçün bu gün İngiltərəyə yola düşürük. Geridə qalan dönəmə baxdıqda, həm sevindiyimiz, həm üzüldüyümüz oyunlar oldu. Xüsusən də, "Sportinq"lə son matçda gözlənilməz məğlubiyyət aldıq. Builki çıxışımızın pis alındığını deməzdim. Ancaq bayaq da qeyd etdiyimiz səbəblər, həmçinin bizim bilmədiyimiz, baş məşqçiyə məlum olan səbəblər bəzi məqamlarda mənfi təsir edə bilər. Təbii ki, çempionlar Liqasının qrupunda çıxış etmək istəyirdik. Həmişə bir il əvvəlkindən daha irəli getməyi hədəfləyən klubuq. İnşallah, gələn mövsüm buna nail olarıq.

- Transfer çalışmaları nə yerdədi və qış fasiləsində neçə oyunçunu heyətə qatmağı planlaşdırırsınız?

- Bu məsələdə bütün səlahiyyətlər Qurban müəllimdədi. Qarşıdakı kubok oyunundan sonra görüşümüz olacaq. O vaxta qədər komandamıza yeni oyunçular gələ bilər. Danışıq apardığımız futbolçular var. çalışırıq təlim-məşq toplanışından əvvəl onlarla anlaşaq. Kimlərin gedib, kimlərin gələcəyi məsələsində son qərarı baş məşqçimiz verəcək.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest