Azərbaycan futbolunun 26 illik tarixində növbəti süqutu dünən rəsmiləşdi. Hansısa oyundakı darmadağın yox, məhz Qurban Qurbanovun millidən gedişi futbolumuzun acı reallığını bir daha təsdiqlədi. O reallıq ki, Qurbanovun ötənilki təyinatı zamanı unuduldu (bəlkə də unudulmaq istənildi), yerini həyəcana verdi.

"Qarabağ"da gördüyü işlər hər kəsi coşdurmağa yetirdi: bəlkə millidə də bunu bacaracaq ümidi ilə... Ancaq geridə qalan 1 il göstərdi ki, Azərbaycan millisi "Qarabağ" deyil və ola da bilməz.

Dəstəkçi və "köstəkçi"lərin "müharibəsi"...

Qurbanov amili hamının gözünün önünə pərdə çəkmişdi. Ondan gözlənilən şey "ölünü diriltmək" idi. Təbii, indi əksəriyyət axına düşüb, "kaş gəlməzdi" deyir. Amma mən "yaxşı ki, gəldi" düşüncəsinə üstünlük verərdim. Axı hamı Qurbanovu arzulayır, onu millinin "sükanı arxası"nda görmək istəyirdi. Gəlməyinə gəldi, bəs arzulayanlar, uğur gözləyənlər öz üzərlərinə düşəni etdilərmi, Qurbanovun onlardan gözlədiyi dəstəyi verdilərmi? Bu, təkcə AFFA rəsmilərinə deyil, futbol ictimaiyyətinə, idman mətbuatına və azarkeşlərə də aiddi.

Təəssüflə deməliyəm ki, sadaladığım bu toplumların hər birində ziddiyyətli yanaşmalar oldu, Qurban Qurbanovun Azərbaycan yığmasında uğursuzluğunu arzulayanlar belə var idi. Dəstəkçi və "köstəkçi"lərin "müharibəsi"ndən ən çox zərər görən də baş məşqçi oldu. Bu bir il ərzində ona edilən təzyiq, bəlkə də, 6 ildə Foqtsa, 3 ildə Prosineçkiyə edilmədi. "Yaxşı ki, gəldi"ni ona görə deyirəm ki, istəklə reallıq arasındakı böyük fərqin canlı şahidi olduq, problemin kökünün bu günün futbolçularında deyil, təməldə olduğunu gördük.

"ürək masajı" və "elektroşok" da işə yaramaz

Bu bir ildə ən çox zərər görənlər arasında "Qarabağ" da oldu. Komandadakı axsama aşkar görünürdü, çempionatda zəif sayılan rəqiblər belə, ağdamlıları "oxuya", dayandıra bilirdi. Əminəm ki, çalışdırıcı əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Ancaq artıq özü tükənmək üzrə idi ki, bu da "Qarabağ"a sirayət etməyə bilməzdi. Eyni anda həm klubu, həm millini çalışdırmaq, bütün yığmalara nəzarət etmək, ölkə futbolunun yükünü təkbaşına çiyinlərinə almaq zarafat deyil. Bunu pul üçünmü etdi? Əsla! Gedişi kimi, gəlişi də ən yüksək instansiyalarda qərara alınmışdı. Buna qarşı çıxmaq nəzakətsizlik olardı. özünü bir növ qurban verməyə razı oldu. Ancaq "ölüm ayağı"nda olan futbola ölkənin ən güclü "həkimi" də həyat verə bilməzdi. "Qarabağ"da istədiyi sistemi qurmaq illərini aldı. Yığmada isə bu illər yalnız vaxt itkisi olar. Ən azı yaxın 5-10 ildə deyil Qurbanov, Mourinyo-Qvardiola cütlüyünün də "ürək masajı", "elektroşok"u işə yaramaz. Artıq yaşı ötməkdə olan alternativsiz "Qarabağ"lılarla, məhəllə futbolu səviyyəsində oynayan digər yerli futbolçularla heç nə mümkün deyil. Qurbanovlu yığma bunu bir daha təsdiqlədi. Əlinin altında Gerye, Miçel, Zubir, Ozobiç yoxdu axı hansısa bir sistemi də tətbiq edə biləsən.

Qurban Qurbanovun millidən gedişi "Qarabağ"ın timsalında ən çox klub futbolumuzun xeyrinə olacaq. Komanda toparlanacaq, əvvəlki kimi avrokuboklarda reytinq xalları qazandıracaq, bunun sayəsində "klub futbolumuz inkişafdadı" kimi dəxlisiz düşüncələri ortaya atıb, çempionatın əsl səviyyəs(izliy)ini örtməyə çalışacaqlar.

Bir bizimkilərə baxın, bir də kosovolulara

Fikrimcə, Kosovo oyunu sonun başlanğıcı oldu. Ona qədər toplanan qığılcımlar, nəhayət ki, böyük alova yol açdı. Kamran Ağayevin Kosovoya getməməyi, ordakı zəif çıxış və böyük hesablı məğlubiyyət ciddi səs-küy yaratdı. Sən demə, Kosovonu səfərdə udmalı imişik. Guya futbolçularımız yaxşı oynasaydı nə olacaqdı? Ən yaxşı halda 0:1, 0:2 hesabı ilə uduzacaqdıq. Bu, nəyisə dəyişirdimi? Biz Farer adalarına bəxt sayəsində qalib gələn, Maltaya 2 xal verən komandadan danışırıq. Bir bizimkilərə baxın, bir də kosovolulara. "23-lüy"ündə daxili çempionatdan cəmi 1 futbolçu (ehtiyat qapıçı) olan, İtaliya, Almaniya, İngiltərə təcrübəsi yaşayan legionerlərlə zəngin Kosovodan bəhs edirik. Bizim neçə legionerimiz var və hansı klubunda əsas heyət üzvüdü? Belə bir vəziyyətdə "torba" məsələsi inandırıcı səslənmir. Axı Elxan Məmmədov niyə yığmamızın Avropa çempionatına vəsiqə qazanmasını istəməsin? Bunun məntiqli cavabı varmı? Millimizin qitə birinciliyinə qatılmağı Qurbanov qədər, baş katibin də aktivinə yazılacaq uğur olardı. Biz sadəcə, yığmamızın buna qadir, layiq olmadığını qəbul etmək istəmirik.

15 futbolçu tapılmırsa, Avropa çempionatının xəyalı...

Futbolumuzun bu gününü düzgün təhlil edənlər üçün yığmamızın Millətlər Liqasındakı qrupda ikinciliyi reallıq, birinciliyi isə sensasiya sayılardı. Gözlənilən də oldu. Bu, uğursuzluq yox, acı gerçəkdi. Problem kimdədi: Qurbanovdamı, Məmmədovdamı? Xeyr, səbəb sadədi: AZƏRBAYCANDA FUTBOL YOX DƏRƏCƏSİNDƏDİ. Birdəfəlik başa düşmək lazımdı ki, bu ölkədə normal səviyyədə futbolçu yoxdu, yetişmir. Yığmanın baş məşqçisi bu gün 15 futbolçu tapa bilmirsə, bizim üçün Avropa, dünya çempionatlarını xəyal etmək özü bir xəyal olar. Bütün günahı konkret bir şəxsin və ya qurumun üstünə yıxmaq ən asan yoldu. Bəli, AFFA hələ də uğurlu strategiya formalaşdıra bilməyib. Uşaq futbolunda isə işlər düzgün qurulmur. Ancaq bu, təkcə assosiasiyadan qaynaqlanan problem deyil. Bu gün Premyer Liqada çıxış edən 8 komandadan 5-ni dolayı yolla məhz AFFA maliyyələşdirir. Rövnəq Abdullayev sabah əlini klubların üzərindən çəksə, 3-4 komanda qalar. Bu qurum da kefindən yox, məcburiyyətdən klubları yaşadır. Biznesmenlərdə, şirkət rəhbərlərində futbola maraq yoxdu. Axı futbolun özü yoxdu. Futbol Azərbaycanda sponsora qazanc gətirəcək sahə deyil, qoyulan pulun 5 faizi qayıtmır. Milyonların kağız parçası kimi dağıdıldığı dövrdə isə klub sahibləri maliyyə ayırmaqla işlərini görmüş hesab etdilər, əlaltıları da həmin pulları "yeməklə", yığmaqla məşğul oldular. Dağılmış klublarımız vaxtında pulu düzgün istiqamətdə xərcləsəydilər, müvəqqəti yox, uzunmüddətli uğur barədə düşünsəydilər, bəlkə də, indi fəaliyyətlərini davam etdirirdilər. Əgər indi 8 klub ümumilikdə 15 normal futbolçu yetişdirə bilmirsə, buna AFFA nə etsin?

Yeni gələn nə edəcək?

İndi yeni baş məşqçi axtarışı başlayacaq. Guya yeni gələnin əvvəlkilərdən nə fərqi olacaq? Qurban Qurbanov şübhəsiz, Azərbaycan futbol tarixinin ən uğurlu məşqçisidi, yerli mütəxəssislərin maksimumudu. Bu isə onu deməyə əsas verir ki, növbəti baş məşqçi əcnəbi olacaq. Bəs yeni gələn nə edəcək? Olmaya komandanı Avropa çempionatına çıxaracaq? Hansı futbolçularla? Ən yaxşı halda Prosineçkinin uğurunu təkrarlayar. Bəli, UÄžURUNU. çünki 10 xal bu gün üçün böyük uğurdu. Prosineçki 10 xal toplayanda bayram edirdik. Ancaq bu, sadəcə, müvəqqəti təsəllidi. İnkişaf isə belə xırda şeylə ölçülmür.

Bir sözlə, Qurban Qurbanov canını tez qurtardı. Xələfinə isə bol-bol səbr və oyunlarda Farer adaları səfərindəki bəxti arzulayıram.

 

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest