Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında istefaya göndərilib.

Eyni zamanda "Qarabağ"ı çalışdıran Qurbanovla müqaviləyə qarşılıqlı şəkildə xitam verilməsinə qərar verilib.

İcraiyyə Komitəsinin 2017-ci il noyabrın 3-də keçirilən iclasında baş məşqçi vəzifəsinə təyin olunan Qurbanovun postundan ayrılması 400 gündən sonra rəsmiləşib.

Bu 400 gün ərzində mütəxəssis yığmamızı 12 oyuna çıxarıb. Millinin baş məşqçisi kimi debütü bu il yanvarın 30-da reallaşan Qurbanov Türkiyənin Antalya şəhərində Moldova ilə yoxlama oyununda (0:0) siftə edib. O, Ardınca Belarus (0:1), Makedoniya (1:1), Qırğızıstan (3:0), Qazaxıstan (0:3) və Latviya (3:1) ilə yoxlama görüşlərində də millinin başında olub.

Qurbanovun rəsmi xarakterli matçlarda da yığmaya rəhbərlik edib. O, Millətlər Liqasının D liqasının 3-cü qrupunun Kosovo (0:0, 0:4), Malta (1:1, 1:1) və Farer adaları (3:0, 2:0) ilə oyunlarında yığmanın "sükanı arxası"nda olub.

ümumilikdə Qurbanovun yetirmələri 12 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə məğlub olub. 14 qol vuran futbolçularımız 12 top buraxıb. Rəsmi xarakterli 6 qarşılaşmada 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət görən mütəxəssis top fərqində müsbət saldoya şahidlik edib – 7:6.

Qeyd edək ki, Qurbanov millinin tarixinə komandanı meydana çıxaran 15-ci baş məşqçi kimi düşüb. Onlardan üçü bu vəzifəni müvəqqəti icra edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest