Azərbaycan millisinin keçmiş məşqçisi Elxan Abdullayevin matç.az saytına müsahibəsi

- Bildiyiniz kimi, 2021-22 mövsümündən etibarən Avropa Liqası-2 turniri yaradılacaq. Yeni turnirin Azərbaycan futboluna nə kimi təsiri ola bilər?

- UEFA bu turniri yaratmaqla zəif ölkələrə şans verir. Bu şansdan da istifadə etmək lazımdı. Amma uğur qazanmaq üçün rəqiblərini məğlub etməlisən. Əvvəllər İntertoto kuboku var idi. Maraqlı turnir deyildi axı. Boş tribunalar önündə oyunlar olurdu, heç kim gəlmirdi. Ordan bir yox, bir neçə komanda UEFA Kubokuna vəsiqə qazanırdı. Perspektivli yarış olmadığından, ləğv etdilər. Avropa Liqası-2 də onun kimi bir turnirdi. Müsbət və mənfi tərəflərini zaman göstərəcək. Konkret fikir bildirmək üçün reqlamenti hərtərəfli öyrənmək lazımdı.

- Klublarımız artıq Avropa Liqasında da iştirak edə bilməyəcəklər. Yəqin ki, bunu yaxşı hal saymaq olmaz...

- Avropa Liqasında heç bir komandamızın olmaması bizim üçün çox pisdi.

- Nisbətən zəif turnir bizə nə verə bilər?

- İş orasındadı ki, Avropa Liqası-2-də də zəif komandalar olmayacaq. çempionlar Liqasından, Avropa Liqasından ora komandalar düşə bilər. Bu turnirlərdəkilər isə heç də zəif olmayacaqlar. üstəlik, Avropa Liqası-2-nin yalnız qalibi növbəti mövsüm Avropa Liqasının qrupunda oynamaq hüququ qazanacaq. Onsuz da "Qarabağ" indi hər il Avropa Liqasının qrupuna düşür. Ancaq bundan sonra klublarımız ora vəsiqə qazanmaq üçün Avropa Liqası-2-nin qalibi olmalıdı. Məncə, vəziyyət daha da çətinləşir.

- Avropa Liqası matçlarına az azarkeşin gəldiyini nəzərə alsaq, Avropa Liqası-2-nin boş tribunalar önündə keçirilməsini gözləmək olarmı?

- Futbolu kimlər üçün oynayırlar? Əlbəttə ki, azarkeşlər üçün. Azarkeşlər üçün isə maraqsız turnir olacaq. İslandiya, Farer adaları, Malta kimi ölkələrdən komandalar gələcək. "Arsenal" hara, "çelsi" hara, bunlar hara? Klub üçün bəlkə sərfəli ola bilər. Ancaq azarkeş üçün belə olmayacaq. Adından da göründüyü kimi, Avropa Liqasının ikinci dərəcəli yarışı olacaq. Təkcə bu, hər şeyi deyir.

- Digər tərəfdən ölkə çempionumuzun bu turnirin qrupuna düşmək şansı daha çox olacaq...

- Yalnız ölkə çempionu üçün oyun sayı çox olacaq. çünki çempionlar Liqasında uğur qazanmadın, düşürsən Avropa Liqasına, ordan da Avropa Liqası-2-yə. Müsbət tərəfi o ola bilər ki, ölkə birinciliyində daha çox komanda çempion olmaq istəyəcək. Yeni format bu baxımdan əlavə stimul olacaq. Təki keçmişdəki kimi, 5-6 komanda çempionluq uğrunda mübarizə aparsın.

- İndiki vəziyyətdə buna inanırsınızmı?

- 8 komandalı çempionatda təbii ki, xeyr. Olanımız budu. çempionatımızda olan 8 komandanın da çoxunun səviyyəsi aşağıdı. Bunun təsirini mövsümün əvvəlində gördük. üç komandamız Avropa Liqasında mübarizəni erkən dayandırdı. Deməli, bizim yerimiz elə Avropa Liqası-2-di.

- Son olaraq milli komandamız barədə. AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Macarıstan və Slovakiyanın yer aldığı qrupda nəyə ümid etmək olar?

- Bu qrupu son seçmə mərhələdəki qrupdan nə güclü, nə də zəif sayıram. Orda Almaniya var idi, burda Xorvatiyadı. Həmçinin komandaları müqayisə etsək, Slovakiyanın çexiyadan, Uelsin Şimali İrlandiyadan, Macarıstanın isə Norveçdən elə bir fərqi yoxdu. Eyni gücdə olan komandalardı. Yaxşı ki, 6 komandalı qrupa düşmədik.

- Bunun nəyi yaxşıdı? 6-cı səbətdən komanda düşsəydi, heç olmasa ondan 6 xal ala bilərdik...

- Mən başqa cür düşünürəm. Təsəvvür edin ki, 6 komandalı qrupa düşdük. Əminsiniz ki, Malta və ya Lixtenşteyndən 6 xal alacağıq?

- Xeyr...

- Deməli, xal itirmək ehtimalımız da var. Bəs Xorvatiyanın və ya Uelsin həmin komandalarla görüşdə büdrəyəcəyinə inanırsınız?

- Bu, ancaq möcüzə olar.

- Sözümün canı ondadı ki, Malta ilə iki heç-heçə etsək, 4 xal itirmiş olacağıq. Rəqiblər isə Maltadan 6 xal alacaq. Belədə həmin komandalarla xal fərqi baxımından aramızda uçurum olacaq. Keçən tsikldə San-Marinonu hər iki görüşdə məğlub etdik. Amma digər komandalar da bunu etdilər. Deməli, belə rəqiblə oynamağın heç bir xeyri olmadı. Əksinə xal itirib ziyana düşə bilərik. Şəxsən mənim üçün 6 xalla, yoxsa xalsız sonuncu yeri tutmağın heç bir fərqi yoxdu.  Adından göründüyü kimi, axırıncı yer.

- Millimizin bu qrupda sonuncu olacağını düşünürsünüz?

-  İndidən bunu demək düzgün olmaz. İlk növbədə federasiyanın baş məşqçiyə qoyduğu tələbi, komandanın hədəfini bilmək lazımdı. çox istəsəm də, bu qrupda 2-ci yeri tutacağımıza inana bilmirəm. Yalnız ilk iki yerin sahibləri final mərhələsinə gedir. Deməli, 3-cü yerlə 5-ci yeri tutmaq arasında fərq yoxdu.

- Bəs proqnozunuz nədi?

- Rekord Robert Prosineçkiyə məxsusdu. Onun vaxtında 10 xal yığmışdıq. Amma hazırkı qrupda heç 10 xal da toplaya bilmərik. İştirak xatirinə iştirak olacaq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest