Topaz Premyer Liqasında mübarizə aparan klubların qış fasiləsində heyətdə bir sıra dəyişikliklər edəcəyi heç kimə sirr deyil. Matç.az saytı xəbər verir ki, çempionatın lideri "Neftçi" də bu prosesdən kənarda qalmayacaq.

İlin son turu ərəfəsində qış çempionluğunu təmin edən Roberto Bordinin komandası heyətdə əsasən "təmizləmə işi" aparacaq. Bu da başadüşüləndi. Artıq 21 yaşlı qvineyalı Mamadu Kane ilə anlaşan paytaxt təmsilçisində gedənlərdən biri məlumdu.  

Qarşısına çempionluq hədəfi qoyulan komandanın iddialarına uyğun gəlməyən, bu səbəbdən daha çox ehtiyatda qalan bəzi oyunçuların göndəriləcəyini indidən söyləmək olar. Təbii ki, "ağ-qaralar" onların yerinə bir neçə daha güclü futbolçunu da gözaltı edib.

Gedənlər arasında Kvame Karikarinin yer alacağı gözlənilir. Böyük ümidlərlə transfer olunan hücumçu etimadı doğrulda bilmir.

ön xətdə güclü rəqabət olan "Neftçi"nin digər hücumçularından zəif olan Kvame sonuncu dəfə IX turda şans qazanıb. "Qarabağ"la görüşə (3:1) matçın sonlarında çıxan legioner bir də meydanda görən olmayıb.

Düzdü, Baqali Dabonun cəzalı olması Karikarinin XIV turda oynaması üçün şərait yarada bilər. Lakin 7 oyunda 350 dəqiqə şans qazanan və 2 qol vuran afrikalının həmin qarşılaşmadakı çıxışı da böyük ehtimalla Bordinin qərarını dəyişməyəcək. Daha güclü komanda qurmaq istəyən italiyalı mütəxəssis ehtiyatda qalan forvardın yerinə daha yüksək səviyyəli legionerin transferində maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest