"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün "Sabah"a qarşı keçirdikləri yoxlama matçını şərh edib.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırcısı 5:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunlarə söyləyib:
 
- 3 aya yaxındır ki, böyük futboldan uzaq idik. Həddindən artıq istəkli idi futbolçular. Səhvlər də çox idi. Bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində. Daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. İnşallah, qarşıdakı oyunlarımız da problemsiz olar.
 
- Bir həftəyə yaxındır ki, komanda məşqlərə başlayıb. Komandanın tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?
- Yəni, düzgün, tam cavab verə bilməyəcəm. Hələ konkret bir rəqəm yoxdur. Həftənin son iki günü yenə karantin olacaq, məşqlərdən uzaq qalacağıq. 21 gün vaxtımız var idisə, artıq 4 günü azalır. Həddindən çox diqqətli olmalıyıq. Fasilədən sonra ilk oyunda futbolçular istəkli, gücü çox olur. Fiziki yükləmələrdən daha çox onların bərpasına fikir verməliyik. Bu, bizim üçün problemlər yaşadacaq. Əvvəlki formaya qayıtmaq üçün çox oyun keçirməli olacağıq. Əvvəl qış hazırlığından sonra deyirdiksə ki, 3-4 tur sonra düzələrik. Ancaq indi bunu desək, yanılarıq. Düzgün hazırlıq planı qurmalıyıq, tələsməməliyik. Ola bilər ki, çempionatın sonuna komanda formasını bərpa etsin.
 
- Həftəsonu məşq üçün Qəbələyə gedəcəksizmi?
- Bizdə dəqiq deyil ki, Qəbələyə gedəcəyik. 3 günlük karantinə görə bizdə də getmək haqda fikir yaranmışdı. Gərək Operativ Qərargahın da icazəsi olsun. çünki rayonlara gediş yoxdur. ümid edirəm ki, bizim hazırlıq planımıza görə ora getməyə ehtiyac olmayacaq.
 
- Karantin dövründə dincələ bildizmi?
- Bir az yaxşı tərəfləri də oldu. Nə qədər ailəylə evdə olsaq da, işimizə görə daha çox güc sərf etdik. Hamımız üçün böyük bir imtahan idi. Futbolçularımızın da peşəkarlaşması üçün bunun faydası olacaq. Təki tam sağlamlıq geri dönsün. çempionatın bir ay gec, bir ay tez bitməsi problem olmaz. ümumilikdə futbol üçün böyük zərbə oldu.
 
- Bir həftəlik məşqdən sonra belə oyundan razı qaldızmı? 
- Bu müddətdə futbolçular passiv qalmamışdılar. İlk hissədə rəqib fərqli taktika ilə oynadı. ümumən narahat olduğum bu gün meydandakı hərəkət yox, onların bərpasıdır. Futbolçular neçə illərdir bir yerdə oynayır. Bəzi epizodlarda artıq güc də sərf etmirdilər. Əlavə fiziki güc itirməyin qarşısını alırdılar. Bizim futbolçular topla sərbəst oynayırdılar. İkinci hissədə bir az çətin oldu. Romero və Ozobiç peşəkarlıqladıyla fərqlənirdilər.
 
- Maqaye Qeye öz istəyiylə ayrıldımı?
- Qarşılıqlı razılıq oldu. Müqaviləsi var idi, razılıq olmasaydı, yollarımızı ayıra bilməzdik. Ona təklif var idi və razılıq əldə olundu. Bütün futbolçular da bilir ki, mənim çəkiylə bağlı tələblərim çoxdur. Karantindən sonra Qeyenin düzəlməsi bir az çətin olacaqdı. Qeyenin komanda üçün faydasl çox oldu. Həm vurduğu qollar, həm də assistləriylə ustalığını ortalığa qoya bilmişdi. Ancaq futbol get-gedə daha sürətli olur.
 
- Vaqner da Silvaya təkliflərin olduğu deyilir. Komandada qalacaqmı?
- ümumiyyətlə, bütün futbolçulara demişəm ki, düzgün - gözləmə mövqeyi tutmalıyıq. Bilmirik ki, gələcəkdə necə olacaq. Tələsməli deyilik. çempionatı tam bitirməliyik. Mövsümdən sonra müqaviləsi bitən futbolçularla danışıqları bərpa edəcəyik.
 
- Rəşad Sadıqovla karyerasıyla bağlı fikir mübadiləsi aparmısız?
- Qərarımızı vermişik. Ciddi dəyişiklik olmazsa, qərarımız yerində qalacaq. Rəşad daha əvvəl karyerasını bitirmək istəyirdi, mən saxlamışdım.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest