"Bu, texniki komissiyanın iclası idi. WKF-in digər iclasından isə məlumat almışam. O barədə danışa bilərəm. Tokio-2020 Yay Olimpiya Oyunları üçün elan olunan lisenziyalar götürülüb, çünki yarışlar davam edir"

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun müsahibəsi
 
- ümumdünya Karate Federasiyası (WKF) videokonfrans keçirib. Həmin iclasda hansı məsələləri müzakirə etmisiniz?
 
- Bu, texniki komissiyanın iclası idi. WKF-in digər iclasından isə məlumat almışam. O barədə danışa bilərəm. Tokio-2020 Yay Olimpiya Oyunları üçün elan olunan lisenziyalar götürülüb, çünki yarışlar davam edir. Yarışlar davam etməsəydi, elan etmək olardı. Amma bizim karateçilərin lisenziya sarıdan qorxuları yoxdur. çünki yarışlar davam etsə də, Rafael Ağayev 75 kq, İrina Zaretskaya isə 61 kq-dan yuxarı çəkilərdə çıxış etməsələr belə, heç kim onlara çatmayacaq. Bizim iki lisenziyamız var, amma bu, gələn ilin mayında rəsmən elan olunacaq. Sadəcə, elan olunacaq, çünki hələ "finiş" yoxdur. Məsələn, qaçış yarışında öndə gedən atletlər finiş xəttini keçdikdən sonra arxadan gələnlərin onlara çatması qeyri-mümkün olur. Bununla belə, arxadakılar finişə çatmamış necə elan etmək olar ki, hansı idmançı neçənci yeri tutub. Yarış bitməlidir, hər kəs finişə çatmalıdır ki, elan olunsun. Bizim qorxumuz yoxdur, bütün reytinq xalları qalır. Açıq deyə bilərik ki, 1-ci yerdəki Zaretskaya ilə 3-cü yerdəki Ağayevə heç kim çata bilməz. Rafael ən pis halda reytinqdə 4-cü yeri tutacaq. O da olimpiadaya düşür. İrina isə ən pis halda ikinci ola bilər, amma rəqibindən çox irəlidədir. Ona heç kim çatmayacaq. Onlar lisenziyanı təmin ediblər, sadəcə elan olunmaları qalıb. 
 
- Azərbaycanın digər karateçilərin lisenziya üçün şansları nə qədərdir?
 
- Onlar iştirak etsələr də, reytinq xalları vasitəsilə lisenziya şansları çox azdır. Təkcə Asiman Qurbanlının düşmək ehtimalı var. O da çox çətindir. Parisdə keçiriləcək yarışdan çox şey asılı olacaq. Orada da şansımız var. Asiman Qurbanlı, Ayxan Mamayev, Nuranə Əliyeva, Firdovsi Fərzəliyev, Tural Ağalarzadədən hansının lisenziya qazanacağını bilmirik. Görək, kim Avropa çempionatında və Rabatdakı yarışda necə iştirak edəcək. 
 
- Bu il Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatının taleyi necə oldu?  
 
- Onu 2022-ci ildə keçirmək istəyirlər. Amma mən İdarə Heyətinə, WKF prezidenti Antonio Espinozaya məktub hazırlamışam. Onlardan soruşacağam ki, niyə çempionatı 2022-ci ildə keçirməliyik? Yaxşı olardı ki, gələn il İsveçin Göteborq şəhərində keçirilməsi nəzərdə tutulan yarış  2022-ci ildə olsun, biz isə çempionatı 2021-ci ildə təşkil edək. çünki Avropa çempionatına çox güclü hazırlaşmışıq. Tam əminik ki, yüksək səviyyədə olacaq, bunun üçün bütün şəraitimiz var. Tokio olimpiadası 2024-cü il Oyunlarının ev sahibi Parisə keçirilmədi ki... Sadəcə təxirə salındı. Dubaydakı gənclərin dünya çempionatı keçirilməsə, götürürlər bir il sonraya atırlar. Rabatdakı Karate1 Premyer Liqanı təxirə saldılar. Bəs niyə bizdəki Avropa çempionatını götürüb 2022-ci ilə salırlar? Burada da digərləri kimi etmək olar. Yazıb müraciət edəcəyəm, amma necə olacağını deyə bilmərəm. Ola bilsin ki, müraciətimiz müsbət həllini tapsın. 
 
- 2022-ci il Avropa çempionatının ev sahibi hələ bəlli deyil?
 
- Həmin vaxt yarış Türkiyədə olmalıdır. Gənclər arasında dünya çempionatı da 2021-ci ildə bu ölkədə keçirilməlidir. İstəyirlər ki, böyüklərin dünya çempionatını 2021-ci ilə atsınlar. Belə etsələr, Türkiyədəki gənclərin dünya çempionatı 2022-ci ildə olacaq. Onlar həm dünya, həm də Avropa çempionatını keçirə bilmir. Təbii ki, dünyanı götürəcəklər, Avropa çempionatı isə bizə qalacaq. 
 
- İclasda daha hansı məsələlər müzakirə olunub?  
 
- Hakimlərdə olimpiada üçün lisenziyaların vaxtı bitənlər var. Onların da imtahan vermədən, ödəniş etmədən lisenziyaların müddəti uzadılıb. 2021-ci il yarışlarına bu ilin lisenziyası ilə qatıla biləcəklər. Bu il Dubaydakı dünya çempinatının taleyi bəlli deyil. Vəziyyət yaxşı olmasa noyabrdakı yarış 2021-ci ilə təxirə salınacaq. Bu il axırıncı və əsas yarış dünya çempionatıdır. Onun da nöqtəsi qoyulmayıb. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest