Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İtaliya A Seriyasının davam etdirilməsinə ölkə rəhbərliyi tərəfindən də rəsmi razılıq verilib.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cüzeppe Konte açıqlama verib.
 
Belə ki, İtaliya hökuməti koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin yumşaldılması ilə bağlı toplantı keçirib. Toplantıda karantin qaydalarının bəzisinin ləğv olunması qərara alınıb.
 
Toplantı sonrası açıqlama verən Konte, futbol komandalarının mayın 18-dən etibarən kollektiv məşqlərə başlaya biləcəyini söyləyib. O, həmçinin çempionatların iyun ayından bərpa olunacağını da bildirib.
 
Xatırladaq ki, İtaliya Futbol Federasiyası bir neçə gün öncə kollektiv məşqlərin mayın 18-dən, A Seriyasının isə iyunun 13-dən etibarən bərpa olunacağını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest