İspaniyanın "Elçe" klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunçular maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıblar. Komanda üzvləri ötən günə nəzərdə tutulan məşqə gəlməyiblər.
 
Futbolçuların klub rəhbərliyi ilə aralarındakı gərginliyin əsas səbəbi kimi məşqçi heyətinin əvvəlki maaşlarının bərpa edilməsi, onlarda isə artımın olmaması göstərilir. Məsələ burasındadı ki, klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar futbolçuların və məşqçilərin məvaciblərində 30 faiz endirim etmişdi. Bir müddət öncə koronavirus testindən keçən və məşqləri bərpa edən futbolçular klub rəhbərliyinin maaş endirimi ilə bağlı qərarı ləğv edəcəyinə ümid bəsləsə də, bu, baş verməyib. Nəticədə, futbolçular öz hüquqlarını qorumaq üçün etiraz üsulunu seçiblər. Məlumatda o da bildirilir ki, futbolçuların bu etirazını klubun digər işçiləri də bazaya gəlməməklə dəstəkləyiblər.
 
Qeyd edək ki, "Elçe" Sequndada 46 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest