"Avroliqada evdə son qrup oyununa çıxırıq. çalışırıq azarkeşləri oyunumuzla sevindirək". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah Portuqaliya "Sportinq"ini qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi baş tutan mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komanda istəkli olur. İstənilən halda, öz meydanımızda oynayırıq. Biz daha çox istək olmalıyıq, nəinki rəqib. çalışacağıq bütün gücümüzlə bacarığımızı ortaya qoyaq".

- "Sportinq"in bir neçə əsas oyunçusu bura gəlməyib. Əvəzində 23 yaşlı futbolçular heyətə salınıb. Bu, sizin üçün motivasiya ola bilərmi?

- Belə şeylərə böyük klublarda o qədər önəm verilmir. 23 yaşlı futbolçu peşəkar deməkdi. "Sportinq"də də perspektivsiz futbolçunun olmasına inanmıram. Düşünürəm ki, futbolçularımız belə şeyə fikir verməzlər. çünki biz böyük tarixi olan komandaya qarşı oynayacağıq. Təbii ki, istərdik rəqibdən üstün olaq. Qalib gəlmək üçün şansımızı yoxlayacaq və daha yaxşı oynamağa çalışacağıq.

- İnnosent Emeqaranın yoxluğunda sabah hücumda Araz Abdullayevə şans verəcəksiz, yoxsa hər hansı bir dəyişiklik gözlənilirmi?

- Biz Arazı o mövqedə oynatmışıq. Sabah da orda çıxış etmək ehtimalı çoxdu. Ancaq yenə də son qərarı səhərki məşqin ardından verəcəm.

- Rəşad Sadıqov sabah avrokuboklarda 100-cü oyununa çıxacaq. Bu, komanda üçün əlavə stimul ola bilərmi və ya bir önəm daşıyırmı?

- Buna çox sevinirəm. Azərbaycanlı futbolçu Avropa klub turnirlərində 100-cü oyununa çıxacaq. Məncə, motivasiyaya o qədər də ehtiyac yoxdu. Hamı son ev matçında özünü daha yaxşı tərəfdən göstərməyə çalışacaq. Rəşadın özünün də sabah oynayıb-oynamayacağı bilinmir. Buna sabahkı məşqdən sonra qərar veriləcək. Onun 100-cü oyuna çıxmağı yox, meydanda olmağı futbolçular üçün əlavə motivasiyadı. Belədə daha sərbəst olurlar. öz aralarında danışsalar, bəlkə əlavə motivasiya ola bilər. Ancaq əsas oyunun mahiyyətidi.

- Rəşadın oynayıb-oynamaması zədə ilə bağlıdı?

- Xeyr, bununla bağlı deyil.

- Adətən sual verilir ki, komandanı necə motivasiya etmisiniz? Bəs özünüz psixoloji olaraq bərpanı necə keçdiniz?

- Bizdə bərpa turnir başa çatanda, mövsüm bitəndə olur. Hər günümüz gərgin keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest