Futbol üzrə Fransa çempionatında 2019/20 mövsümü rəsmən başa çatmış elan olunub. Matc.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Açıqlamada koronavirus pandemiyasına görə dayandırılmış Liqa 1 və digər yarışlarda bu mövsümün davam etdirilməsinin mümkünsüzlüyü diqqətə çatdırılıb. çünki ötən gün ölkənin baş naziri Eduard Filipp bildirib ki, kütləvi idman tədbirləri sentyabra qədər keçirilməyəcək. Belə olan halda Liqa 1-də də bu mövsüm vaxtından əvvəl başa çatdırılıb.
 
Federasiya bəyanatında Liqa 1 və Liqa 2-nin keçirilməsi ilə məşğul olan peşəkar futbol liqasından Fransa birinciliyinin idman nəticələri haqqında informasiyanı mümkün qədər tez verməyi xahiş edib. Bununla həm də növbəti mövsümdə Fransanı avrokuboklarda hansı klubların təmsil edəcəyi müəyyənləşəcək. Federasiyanın İcraiyyə Komitəsi 2020/21 mövsümünün başlanması üçün şərtləri müzakirə etmək məqsədilə yaxın vaxtlarda bir araya gələcək.
 
Xatırladaq ki, Fransada futbol oyunları koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Liqa 1-də baş tutan 28 turdan sonra turnir cədvəlinə ən yaxın izləyicisini 12 xal qabaqlayan PSJ liderlik edir. 
 
Liqa 1 "böyük beşlik"də koronavirus pandemiyasına görə mövsümün ləğv olunduğu ilk ölkə çempionatıdı. Bütövlükdə Avropada isə daha öncə yalnız Niderland Erediviziyasında mövsümün ləğv olunduğu rəsmən açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest