Topaz Premyer Liqasınn XII turu "Zirə"nin baş məşqçisi Samir Abasovun bu postda yubiley – 10-cu matçı olub. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar "Sumqayıt"la ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.

Komanda Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan mütəxəssisin yetirmələri 10 qol vurub, 12-ni buraxıb. "Zirə" həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqilə qalib gəlib.

Paytaxt təmsilçisi Premyer Liqada sonuncu dəfə ötən mövsümün VIII turunda belə qələbə qazanmışdı. 2017-ci il oktyabrın 14-də komanda öz meydanında "Kəpəz"i 3:0 hesabı ilə yenmişdi. Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqilə qalib gəlməyən "Zirə" 2-dən çox qol vurmamışdı.

Azərbaycan kubokunu da nəzərə alsaq, "Zirə" 2017-ci il noyabrın 29-da "Xəzər"i də 3:0 hesabı ilə yenmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest