"Devid Moyes mənə qarşı sərt idi. Bunun səbəbini bilmirdim. Sonra başa düşdüm ki, mənə güvəndiyi üçün belə edirmiş. Bununla mənə etimadını göstərirdi".

Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maqaye Qeye Britaniya mətbuatına açıqlamasında deyib. O, "Everton"da çıxış edərkən komandanın baş məşqçisi Moyesin ayrılmasına üzüldüyünü bildirib:

"O, məndə bir istedad görürdü və bu səbəbdən hər zaman arxamda idi. Moyesi ata kimi görürəm. Mənə öz oğlu kimi münasibət bəsləyirdi. Komandadan ayrılması mənə yaxşı təsir etmədi. "Everton"a onun istəyi ilə gəlmişdim.

Qeye Moyesi əvəzləyən Roberto Martinesdən və "Everton"dan ayrılmasından da danışıb: "O, yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm. Sadəcə, öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Açığı, Devid Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi və mənə planlarında olmadığımı söylədi".

Qeyd edək ki, Maqaye Qeye 2010 – 2014-cü illərdə "Everton"da çıxış edib və 24 oyuna 1 qol vurub. O, ötən ilin iyulundan "Qarabağ"da oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest