"Zirə"nin futbolçusu George Anton Moldova mətbuatına müsahibə verib. Matc.az "moldfootball.com" saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi müsahibəsində Azərbaycan futbolu haqda danışıb:
 
- 27 yaşınız var və "Zirə" sizin üçün ilk xarici təcrübədi. Daha əvvəl belə təkliflər olmayıb, yoxsa özünüz ayrılmaq istəməmisiz?
- Həmişə xaricdə oynamaq istəmişəm. Sadəcə, indiyə qədər ayrılmağım üçün konkret təkliflər olmayıb. "Zirə" isə mənim transferimdə israrlı davrandı və müqavilə imzalamağımı çox istədi.
 
- İnfrastruktur, maliyyə, azarkeş baxımından "Zirə" necə klubdu?
- Bu, 2014-cü ildə yaradılan gənc və iddialı komandadı. Ev oyunlarımızı Bakıdan 40 kilometr məsafədə yerləşən Zirə qəsəbəsində keçiririk. Ancaq hər gün eyni vaxtda Bakı Olimpiya Stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, oyunlara çox adam gəldiyini deyə bilmərəm. Ancaq bizi çılğın şəkildə dəstəkləyirlər. Maliyyə baxımından isə heç bir problem yoxdu.
 
- Yeni komandada özünüzü nə dərəcədə rahat hiss edirsiz və Azərbaycan futbolunu necə gördüz?
- Artıq altı oyun keçirmişəm və özümü yaxşı hiss edirəm. Azərbaycanda futbol gözlənilməzdi, hər bir komanda digərlərini məğlub edə bilər. "Qarabağ"ı saymasaq, digər komandaların gücü bərabərdi. İndi turnir cədvəlində vəziyyət belədi ki, hər klubun avrokuboklara vəsiqə qazanmaq şansı var.
 
- "Zirə" sizə necə yaşayış şəraiti yaradıb? Harada yaşayırsız, boş vaxtınızda nə edirsiz və kimlə ünsiyyət qurursuz?
- Bakıda bir mənzildə yaşayıram və "Sabah"dakı həmyerlim Yevgeni Koçukla ünsiyyət qururam. O, əvvəlcə burada rahat olmağımda kömək oldu. Ailəm artıq yanımdadı, buna görə də, boş vaxtlarımı yaxınlarımla keçirirəm.
 
- Azərbaycanda ətrafınızdakı insanlar koronavirus pandemiyası ilə bağlı yaranmış situasiyaya necə reaksiya verdilər? Bu məsələdə vəziyyət necədi?
- Bütün lazımi tədbirlər görülüb, dörd gündü məşq etmirik. Bilirəm ki, qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hər kəs bu problemin həllini gözləyir, amma heç kimə küçəyə çıxmaq qadağan olunmayıb. Bu günə qədər hər şey adi qaydada gedir.
 
- Belə çıxır ki, bu qeyri-müəyyən müddətə qədər yaranan fasilə zamanı Azərbaycanda qalası olduz?
- Bəli, qaldım. Virusdan qorunmaq üçün əsasən ailəmlə birlikdə evdə oluram. Bu vəziyyətdə nəsə etmək çətindi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest