"Keşlə" klubunun baş məşqçisi Tərlan Əhmədovun matc.az saytına müsahibəsi

- Mövsümün başa çatmasına 8 tur qalıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə pik həddə çatıb. Yəqin ki, narahatçılıq daha da artıb...
- Bəli, komanda yüksək pillələr uğrunda mübarizə aparırsa, qarşıya qoyulan məqsədə yaxınlaşdıqca, təzyiqlər də çoxalır. Ağır yükdü və bunu hamımız dərk edirik. Komanda ötən mövsümü 8-ci yerdə başa vurmuşdu. İndi isə mükafatçılar sırasındadı. Təzyiqin artması normaldı. Burada psixoloji amil böyük rol oynayır. Hər halda, futbolçu da insandı.

- "Qarabağ"la görüşdən sonra "Keşlə"nin hədəfinin mükafatçılar sırasına düşmək və avrokuboklara yollanmaq olduğunu söyləmişdiniz. Komandanın potensialı sona qədər çatacaqmı?
- Əgər bu gün üçüncü pillədəyiksə, deməli, potensial var. Əlbəttə, rəqiblər də avrokuboklar üçün mübarizə aparır. Hər komandanın öz məqsədi var. Turdan tura vəziyyətin dəyişməsi mümkündü. Mətbuat konfransında mənə "Komanda ikinci yer uğrunda mübarizə aparır" sualı verilmişdi. Cavab vermişdim ki, qarşıya iki və ya üçüncü pilləni tutmaq yox, avrokuboklara vəsiqə hədəfi qoyulub. Bu yolda bizi ağır oyunlar gözləyir. Təbii ki, buna potensialımız var və məqsədə nail olmağa çalışmalıyıq.

- 4-cü yerdə qərarlaşan komanda ilə arada heç də az olmayan 7 xallıq fərq var. Bu fərq arxayınçılığa səbəb ola bilər?
- Bu barədə futbolçularla müntəzəm söhbət edirik. İzah edirik ki, 3 xallıq sistemdə hər şey dəyişə bilər. Ardıcıl iki məğlubiyyət alsaq, rəqib qələbələr qazansa, fərq artıq minimuma enir. Bundan sonra isə təzyiqlər daha çox ola bilər. Əsas da oyunçuların psixoloji yüklənməsi artar. Nəzərə almalıyıq ki, 3-cü pillədən aşağıda qərarlaşan rəqiblərin hər biri bizə çatmaq istəyir. Ancaq bizim də öz oyunumuz var. Futbolçular bunun fərqindədi. Bu məsələnin üzərində nəzəri məşğələlərlə işləyirik.

- Gəlin razılaşaq ki, "Qarabağ" qızıl, "Neftçi" isə gümüş medal şansını əldən verməyəcək. Sizinlə yanaşı, "Sumqayıt", "Zirə" və "Sabah" da gözünü bürünc medala dikib. 3-cü yer uğrunda əsas və daha çox çəkindiyiniz rəqib hansıdı?
- Bizim üçün fərq etmir. Qarşıda hələ 8 tur var. Məncə, "Qarabağ" indidən artıq çempionluğu qazandığını düşünmür. Xeyr, hələ qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Bir çox çempionatda ən yaxın izləyicisindən 7-8 xal irəlidə olan komanda sonradan liderliyi itirib. Bu səbəbdən indidən nəsə demək çətindi. Təbii ki, bu gün "Qarabağ" potensial olaraq güclüdü. Ancaq çempionat davam edir. Nələrin baş verəcəyi sona 2-3 tur qalmış bilinəcək. Açığı, çəkindiyim elə bir komanda yoxdu. Hər oyuna maksimum motivasiya ilə hazırlanmalıyıq. çünki nə qədər xal toplasaq, bir az da irəli getmiş olarıq.  çalışırıq ki, "Neftçi" və "Qarabağ"la da başabaş oynayıb, onlardan da xal alaq. 7 xallıq fərqi ya artırmalı, ya da sona qədər qorumalıyıq.

- "Sabah" və "Səbail"lə ardıcıl 2 səfər oyunundan sonra sabiq komandanız "Neftçi" ilə qarşılaşacaqsınız. Sizə elə gəlmir ki, üçüncü yerin taleyinə böyük ölçüdə məhz bu görüşlərdən sonra aydınlıq gələcək?
- Əlbəttə, bu oyunlar çox vacibdi. 6 xallıq matçlardı. Ancaq sırf bunları fikirləşib, digərlərini kənara ata bilmərik. İlk 2 qarşılaşmada maksimum nəticə qazanmağa çalışmalıyıq. Ondan sonra isə 14 günlük fasilə var. Bu müddətdə daha yaxşı hazırlaşmalıyıq. Bu oyunların böyük önəmi var. 3-cü yerdə möhkəmlənmək üçün 2 görüşdən bacardığımız qədər yaxşı nəticə qazanmalıyıq.

- "Keşlə"nin "Neftçi"yə qarşı oyunları həmişə diqqət mərkəzində olub. Bayılda məğlub etdiyiniz sabiq komandanızla bu dəfə bacarmadınız. Futbolçularınızın bu görüşü meydana çıxmazdan əvvəl uduzduğu haqda iddialar var...  
- Bilmirəm, bəlkə də futbolçularda arxayınçılıq yaranmışdı. çünki "Neftçi"yə ardıcıl 2 oyunda qalıb gəldik, 1 görüşdə isə heç-heçə etdik. Arxayınlıq ola bilərdi. Ancaq deməzdim ki, oyuna qədər məğlub olmuşdular. Açığı, həmin oyunda çox bərbad çıxış etmişdik. Futbol adına heç nə göstərə bilmədik. "Zirə"yə də 1:3 hesabı ilə məğlub olduğumuz oyun var. Hər iki matçda potensialımızdan çox aşağı çıxış etmişdik. Təbii ki, bu, başadüşülən idi. Komanda 7-8 aya formalaşıb. Birdən-birə bu yerlərə gəlib çıxmaq çətindi. Ara-sıra qeyri-stabil oyunlar da olur. "Neftçi" ilə görüşdə Con Kamaranın olmaması bizə problem yaratdı. Onun mövqeyində boşluq yaranmışdı. Hansı ki, həmin mövqe komandanın onurğa sümüyü sayılır. Məcburiyyətdən orada Tərlan Quliyevi oynatdım. Halbuki, müdafiəçidi. Ruslan Qurbanov da təlim-məşq toplanışında zədə almışdı. Buna baxmayaraq, həmin məğlubiyyətdən də dərs çıxartmışıq. Ancaq mən komandanın meydana çıxmamış məğlubiyyəti qəbul etməsi ilə razılaşmıram.

- Hansısa məğlubiyyətdən sonra futbolçulara qarşı sərt çıxışlarınız olub?
- Təbii ki, oyundan sonra görüş olur. Bəzi şeyləri müzakirə, fərdi söhbət edirik. Ancaq futbolçuya qarşı heç vaxt sərt irad bildirmirəm. çünki bir oyunla işimiz bitmir. Mən futbolçuya xoş olmayan sözlər demirəm. Onları hansısa oyunu satmaqda günahlandırmaq mənlik deyil. Bunu dilimə gətirə bilmərəm. Adamdan sübut istəyərlər. ötən mövsümün gedişində 4 oyun qapımızdan eyni cür qollar buraxdıq. Elə olurdu ki, görüş başlayan kimi, topu rəqibə verib, qapımızda qol görürdük. Bununla bağlı bir açıqlamam var idi. Demişdim ki, bu xoşagəlməz haldı və araşdırılmalıdı.

- Amma başqa cür yozuldu...
- Dedilər ki, bunu Tərlan özü araşdırmalıdı, futbolçuları ittiham edir və s. Təbii ki, bunlar da olmalıdı. Ancaq klublar "İnStat" kimi şirkətlə işləyir. Orada hər şey göstərilir. Məsələn, komanda hansı dəqiqələrdə qol buraxır və bu nədən baş verir. Belə araşdırma aparılır. Mən də "araşdıracağıq" deyəndə, bunu nəzərdə tuturdum. Başqa mənada deməmişəm. Buna heç ixtiyarım da yoxdu. Bu gün də buna çalışırıq. Baxırıq, rəqiblərin hansı dəqiqələrdə, nə cür vəziyyətlərdən qol vurduğunu diqqətdə saxlayırıq. Bu yaxınlarda eşitdim ki, guya mən paltardəyişmə otağında futbolçulara "oyunu vermisiniz" demişəm. Həqiqətən, çox təəssüf elədim. Elə söz işlədən insanın özünün keçmişi araşdırılmalıdı. Görək, özü belə işlərlə məşğul olub, yoxsa olmayıb? Mən heç vaxt belə ittiham səsləndirmərəm.  çünki özüm də futbolçu olmuşam, zəif oyunlarımız, məğlubiyyətlərimiz olub. Bilmirəm, bu, qərəzdi, yoxsa şər. Ancaq zaman hər şeyi sübut edir. Dəfələrlə futbolçulara demişəm ki, məğlub olsanız belə, başınızı aşağı salmayın. Bu işdə qələbə olduğu kimi, məğlubiyyət də var. Əgər hansısa futbolçu mənim ağzımdan belə bir söz eşidibsə, çıxıb çəkinmədən söyləsin. Biz komandada ailə kimi bir kollektiv yaratmışıq. Sadəcə, uğur gəldikcə təzyiqlər artır, xoşagəlməz xəbərlər çoxalır. Fikir vermirik, işimizə davam edirik. Uğur gəldikcə, arxadan zərbə vuranlar çox olur.

- "Neftçi" ilə Bayıldakı oyunda fasiləyə məğlub yollanmışdınız. Fasilədə futbolçulara nə dediniz ki, prinsipial görüşdə 2:1 hesablı qələbə qazandız?
- Həmin görüşdə çox az danışdım. Həmişə eyni şeyi deyirəm: biz heç kimdən zəif deyilik. Bildirdim ki, siz bu gün uduzmayacaqsınız.  çünki oyunun gedişi onu göstərirdi. Komandanın istəyi çox idi. Futbolçular qələbə üçün alışıb yanırdılar.  Sadəcə, onlara inam vermək lazım idi. Ona görə də yalnız bir cümlə dedim və otaqdan çıxdım.

- İndiki dövrdə futbolçuya söz daha çox motivasiya verir, yoxsa pul?
- İlk növbədə pul. Futbolçunun motivasiyası puldu. çünki hər birinin problemi var. İndiki zamanda əksəriyyətinin krediti var. Ev, maşın alırlar. Evdə xəstə olanı, böyük bir ailənin yükünü daşıyanlar var. Bu səbəbdən pul böyük motivasiyadı. İkinci isə bəli, xoş sözdü. Bəzən ikisi bir-birini tamamlayır.

- Pul gəncləri yoldan çıxarmasa yaxşıdı. Hansı ki, heyətinizdə qısa zamanda diqqətləri özünə çəkməyi bacaran gənc oyunçular var. Onları necə kəşf etdiz?
- "Keşlə"yə gələndən bir ay sonra akademiyaya göz gəzdirdim. Mən AZAL-da da, "Neftçi"də də işləyəndə həftədə bir dəfə həmin klublarda olan istedadlı uşaqları məşqlərə dəvət edirəm. Fərq etmir, 10, 13, 17 yaşlı olsun. Hamısını çağırıram. Bu gün də 17 yaşlı futbolçular əsas heyətlə məşq edirlər. Artıq sabahdan öz yaş qruplarına qoşulacaqlar. Həmişə onlara nəzarət edirəm. Bilirsiniz ki, Orxan Fərəcov "Neftçi"də idi. O vaxtı onu da məşqlərə dəvət etmişdim. Böyük potensialı var. Tərif üçün demirəm. Ancaq o uşağın böyük gələcəyi olacaq. Onu Kamaranın yerinə hazırlayıram. İki mövqedə rahat oynayır. Bunu daha da genişləndirmək olar. Bir də Pərviz Azadov. 19 yaşlıların oyununa baxırdım, doğurdan da xoşuma gəldi. Samir Abdullayev də yaxşıdı. Onu əvəzedicilərə cəlb edəndə, böyük potensialı olduğu görünürdü. Son oyunlarda meydana çıxır və xoş təsir bağışlayır. O yaşda elə inamla və rahat oynaması məni sevindirir. Onların inkişafı özlərindən də asılıdır.  çalışdığım qədər o uşaqlara dəstək oluram. Bizdə Xəzər Mahmudov da var. Düzdü, bir müddətdi zədəlidi. Ancaq qış fasiləsinə qədər oynadı. Hətta "Qarabağ"a qol da vurub. Hər halda, yenə də axtarışdayıq.

- Heyətdə zədəli futbolçularınız vardı. Tural Bayramlı, Con Kamaranın durumu nə yerdədi?
- Artıq komandaya qoşulublar. Məşqlərə başlayıblar.  Təkcə Əfranın ayağında problemi var. Hələlik məşqlərə qoşula bilmir. Digərləri hazırlığa davam edir. Zədə bizim işimizdə qaçılmazdı. çalışırıq ki, bütün oyunçuları qoruyaq.

- Keçək yığma komandaya. Millinin baş məşqçisi postu hələ də boşdu. Namizədlər arasında bəzi yerli məşqçilərlə yanaşı, sizin də adınız hallansa da, bu, bəzi veteranlarda qısqanclıq yaratmışdı...
- Qısqanclıq var və ya yoxdu, bilmirəm. Əgər adım hallanırsa, bu mənim üçün sevindiricidi. Məşqçilərin işi göz qabağındadı. Demək ki, dəyər, qiymət verilir. Qərarı İcraiyyə Komitəsi verəcək. Ancaq bir dəfə demişəm, yenə təkrar edirəm: canla-başla hamımız o işi yerinə yetirməyə hazırıq. Millidə çalışmaq böyük şərəf və məsuliyyətdi. Əgər bizə etimad olunarsa, yerinə yetirməyə hazırıq.

- Millətlər Liqasının püşkü barədə. İqor Ponomaryov yığmanı bu qrupdan çıxara biləcəyini söyləyib. Sizcə, bu mümkündürmü?
- Həyatda mümkünsüz bir şey yoxdu. Hər şey mümkündü. Yetər ki, hamılıqla bu istənilsin. Bu, bir-iki nəfərin işi deyil. Bütün komanda o qrupdan çıxmağı istəməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest