Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Polşa yığması ilə qarşılaşıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Polşa yığması ilə qarşılaşıb. Matc.az xəbər verir ki, polşalıların 5:0 hesablı qələbə qazandıqları qarşılaşmadan sonra hər iki yığmanın baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlama verib.
 
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): "Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq. Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdi Dç-nin, Aç-nin seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədi seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı".
 
Miloş Stepinski (Polşa milli komandasının baş məşqçisi): "Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağa müvəffəq olduq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını bir qədər ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest