İlin ən gözəl fəsillərindən biri, xoş əhval-ruhiyyəli, böyük dəyişikliklərin baş verdiyi bahar gəlir.

Bahar dəyişikliyi "Neftçi"də daha tez baş verdi. Komanda autsayder "Səbail"ə qarşı sərgilənən biabırçı oyun və alınan bərabərliyin ardından hesabat turunda 3 xalı böyük hesablı qələbə ilə qazandı. Amma mövcud durum sahiblərinin ürəyincə deyil. Antalya toplanışında baş məşqçi Roberto Bordini istefaya göndərən flaqman rəhbərliyinin italiyalı mütəxəssisin yerinə onun köməkçisi Fizuli Məmmədovu təyin etməsi məcburiyyətdən atılan addım idi. Bu, rəhbərliyin vaxt udması üçün manevri idisə, artıq baharın sonunadək yeni mövsümün planlarının cızılması tapşırığı verilib.

Kamran Quliyevin "Neftçi" kimi böyük tarixə malik komandanın başına gəlişindən sonra durumu göz önündədi. Azərbaycanı ilk dəfə Avropa Liqasının qrup mərhələsində təmsil etmiş klubun indi həmin maliyyə ilə gücü baharda qızıla qovuşmağa yox, ancaq ikinci yer uğrunda mübarizəyə çatır. Bu azmış kimi, qitə miqyaslı oyunlarda "qapazaltı"ya çevrilir.  

Komanda bu idarəçilərlə böyük ehtimalla çempionatı yenə ikinci pillədə tamamlayacaq, baharda yenə "qızıl"a həsrət qalacaq. Qarşıdansa yeni avrokubok mövsümü gəlir və indiki vəziyyətdə klubun "sükanı"nın Məmmədov kimi təcrübəsiz birinə tapşırılması gələcəyə ümidlə baxmağa imkan vermir. Bu səbəbdən sponsorlar Kamran bəyin "şah əsər"ləri - "Uypeşt" faciəsi", "Bney Yehuda" biabırçılığının təkrarlanmasından narahat olduqları üçün nöqsanları ona sərt formada çatdırılıb.

Bildirildiyinə görə, "Bordini gətirəndə qızıl medal, çempionlar Liqasından dəm vururdun. Amma çempionatda "Qarabağ"ın tozuna belə çatmırsız, avrokuboklarda rəzalət göz qabağındadı. Cüzi maaşa çalışan Tərlan Əhmədov da gümüş medal qazanırdı, bir ətək pul alan Bordin də. Dövlətin pulunu havaya sovurmaq olmaz" kimi iradlardan pörtən Quliyevin əhvalını nə "Sabah" üzərindəki qələbə, nə də bahar dəyişdirə bilir.

"Ağ-qaralar" bahar öncəsi "Sumqayıt" (1:1), "Qarabağ" (0:0), "Keşlə" (3:1), "Qəbələ" (2:0), "Səbail" (1:1) və "Sabah"la (4:0) görüşlərdə 3 qələbə qazanıbsa, 3 bərabərliyə imza atıb. Düzdü, komanda məğlubiyyət üzü görməyib, amma ardıcıl heç-heçələr sanballı büdcəyə malik klub üçün uğur sayılmamalıdı.

Qarşıdan isə daha 2 çətin qarşılaşma gəlir. XXI turda "Zirə"ni qəbul edəcək flaqmanın növbəti həftə qonağı hazırda 8 xal geridə qaldığı "Qarabağ" olacaq. Hansısa kənar müdaxilə, möcüzə baş verməsə, ağdamlılar növbəti çempionluğa məhz baharın ölkəmizə gəlişinin ikinci günü daha da yaxınlaşacaq. Bundan sonra isə Kamran bəy komandasını kabusuna çevrilən Tərlan Əhmədov önünə çıxaracaq. "Qarabağ" və "Keşlə"yə mümkün xal itkilərindən sonra kiminsə baharının qış olacağını təsəvvür etmək çətin deyil.

Hazırda Quliyev "Baharın 17 anı" filmində "Berlinə getsəm, Gestapo məni həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm" deyə, fikir edən Ştirlisin düşdüyü vəziyyətdədi. "Neftçi" prezidenti də "avrokuboklara Məmmədovla getsəm, komanda biabır olacaq, istefa versəm..." deyə, qəm dəryasına qərq olub...

Xoş gəldin bahar!

SEYMUR

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest