Futbol veteranlarımızın böyük əksəriyyətinin kəramətinə bələd olduğumdan, əminəm ki, onlar Edvard Maybrici tanımırlar. Son günlər elə veteranlar ətrafında baş verən hadisələrə toxunmazdan əvvəl bu ingilis dahinin başına gələnləri yazacam. Dünyanın işini bilmək olmaz, bəlkə oxuyub, nəticə çıxarmaq iddiasına düşənlər oldu.

Maybric kitab satırmış. Bir gün mağazada "məhsul" qurtardığından at arabası ilə başqa şəhərə yola düşür. Yolda araba çətinliyə düşür. Qamçı qırılır və atlar başılovlu qaçmağa başlayır. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəkir. Edvard havaya qalxır və qayaya çırpılır. Bu qəzadan ağır xəsarətlərlə çıxsa da, sonradan kəşfi tarixə düşür. O, rəsmləri birləşdirmək yolu ilə hərəkəti yaradan ilk şəxs olur...

Maybric qalsın burda, keçək öz "dahilər"imizə. Veteran futbolçu Səmədağa Şıxlarov bu günlərdə Respublika Diaqnostika Mərkəzinin ürək-Damar Cərrahiyyəsi şöbəsində ayağından və qasıq nahiyəsindən əməliyyata məruz qaldı. çox şükürlər ki, artıq özünü yaxşı hiss edir. Allah Şıxlarovun timsalında səhhətində problem yaranmış bütün xəstələrə şəfa versin!

65 yaşlı Şıxlarov bəlkə də dövrünün ən yaxşı hücumçularından olub, yaşım onun çıxışlarını canlı izləməyə imkan verməyib. Vikipediya məlumatlarında son 15 il ərzində "Neftçi" və AZAL kimi normal büdcəli klublarda çalışdığı qeyd olunsa da, indiyədək AFFA-da, milli komandaların heç birində fəaliyyəti yoxdu. Amma Şıxlarovun "müdafiəçiləri" az qala xəstələnməsinə görə AFFA-nı ittiham etdilər. Əməliyyat üzərindən "əməliyyat" qurmağa, assosiasiyanı borclu çıxarmağa, bir sözlə, qamçısız at çapmağa çalışdılar. Nəyəsə nail olmaq üçün gözlərini yumub, ağızlarını açdılar və sonra Maybricin arabası kimi qayaya çırpıldılar. Amma ağıllarına şablon fikirlərdən başqa hansısa ideya gəlmədi ki, gəlmədi. Halbuki, Şıxlarova can yandıran kəs şəxsi marağını kənara qoyub, müalicə üçün əlindən gələni edərdi. Amma tamah güc gəldi deyə, Şıxlarovun durumu unuduldu.

Şıxlarov AFFA-nın ödədiyi pula ehtiyacının olduğunu, qohumlardan borc aldığını söylədi. Hansısa futbolçunun adını çəkdimi?

Kimsə, "Neftçi" Şıxlarovun müalicəsinə yardım etməlidi" dedimi? Suallar çoxdu, amma görünən odu ki, bizdə hər qayaya dəyən başa ağıl gəlmir, əksinə, olan da qaçır. Bəzi veteranlarımızda olduğu kimi...

SEYMUR

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest