Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun matç.az saytına müsahibəsi

- Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu. Yığma komandamızın bu turnirdəki çıxışı və nəticələri gözlədiyiniz kimi oldu?

- Xeyr. UEFA bizi elə qrupa salmışdı ki, bütün komandalar eyni gücdə idi. Yəni yığmalar arasında elə bir fərq yox idi. Bu da Avropa çempionatına vəsiqə şansı verirdi. Bizdə bunun alınmamasının yəqin ki, təhlili aparılacaq. Bilirsiniz, yığma deyəndə, yalnız milli komanda göz önünə gəlir. Amma futbolçular klublardan gəlirlər. Klubların durumu, çıxışı, çempionatımızda 8 komandanın olması milliyə də təsir edir. Yığmamıza heç vaxt bu qədər şərait yaradılmamışdı. Hər şey əla idi. Amma ilk növbədə klubları təhlil etmək lazımdı. Onlara sual verilməlidi ki, niyə futbolçu yetişmir, xaricə gedən olmur? Bu problemlərin həllindən sonra yığma uğur qazana bilər. Milli komanda oyundan əvvəl bir həftə, 10 gün toplanış keçir. Yəni futbolçu hazır gəlməlidi. Amma bəziləri hazırlıqsız gəlirlər. Digər tərəfdən futbolçular özləri də dərk eləməlidilər ki, yığma üzvüyəmsə, gərək klubumda lider kimi oynayım. Klublar iki ildən çoxdu ki, bir mərkəz müdafiəçisi hazırlaya bilmirlər. Hələ digər mövqelərə keçmirəm. Fotqs getdi, Prosineçki getdi, yığmada yenə eyni futbolçulardı. Bizə yeni oyunçular lazımdı. Təbii ki, səhvlər də var idi. Səhvsiz iş olmur. ümumiyyətlə, çempionatımız çox zəifdi, sürət yoxdu. Bu da yığmalara birbaşa təsir edir. Hələ aşağı yaş qruplarını demirəm. U-12, U-13 liqalarında baxıram ki, hesab 11:2, 10:2 olur. Belə hesab olar? Əvvəlcə bunları düzəltmək lazımdı. ümumi götürdükdə yığma üzvlərinin Millətlər Liqasındakı çıxışlarından razı qalmadım. Bəzi matçlarda ağıllı oynadılar. Amma bəzilərini də zəif keçirdilər, qələbə ruhu yox idi. Futbolçu da daxilən özünü hazırlamalıdı. Problem ondadı ki, bizdə ardıcıllıq yoxdu.

- Qrup mərhələsi başlamazdan əvvəl hamı final mərhələsindən dəm vururdu. Saydığınız problemləri nəzərə alsaq, demək olarmı ki, biz hələ böyük turnirlərə hazır deyilik?

- Əlbəttə ki, hazır deyilik. Hazır olmaq üçün ilk növbədə çempionatın səviyyəsi qalxmalıdı. Əks təqdirdə, iddialı danışmaq yersiz olar.

- Yığmamız qrupda birincilik şansını nə zaman itirdi: Malta ilə oyunlarda?

- Maltanı hər iki matçda məğlub etsəydik belə, Kosovoya son oyunda uduzmamalı idik. Kosovoya gərək evdə qalib gələrdik. ümumiyyətlə, əvvəldən bilinirdi ki, bu qrupda iki komandadan biri lider olacaq: ya biz, ya da Kosovo. Əgər Kosovo ilə evdəki matçda büdrəmisənsə, o xalı qaytarmaq üçün rəqibi səfərdə məğlub etməlisən.

- Millimiz Kosovo səfərinə, demək olar ki, ən güclü heyətlə getmişdi. Ancaq futbolçular meydanda gəzirdilər. Halbuki oyuna qələbə əzmi ilə çıxmaq üçün çox səbəb var idi...

- Tam razıyam. Komandamızın Farer adaları ilə oyununun ertəsi Malta – Kosovo görüşünə baxdım. Kosovoda məni təəccübləndirən çox məqam olmuşdu. Məsələn, Malta ilə oyundakı çox şeyi Bakıda edə bilməmişdilər. Xüsusən də, orta sahədə amansız mübarizə aparırdılar və cinahları əla işləyirdi. Məlumdu ki, millimizin məşqçi korpusu da bunu təhlildə görmüşdü. Belə yerdə futbolçuların fərdi bacarığı da lazım olur. Məşqçi tapşırıq verə bilər, əsas onu həyata keçirməkdi. İstəkli olmaq çox önəmli idi.

- Ancaq futbolçularda o istək görünmürdü. Meydan sahibləri isə əvvəldən sona qədər "döyüşdülər"...

- Bəli, Kosovonun oyunundan hiss olunurdu ki, onlar üçün heç-heçənin də söhbəti ola bilməz. Hətta baş məşqçilərinin oyunöncəsi müsahibəsini də oxumuşdum. Demişdi ki, 5:0 hesablı qələbə bizi aldatmamalıdı, daha sakit hərəkət etməliyik. Belə qalibiyyətdən sonra eyforiya yarana bilərdi. Ancaq onlarda bu hiss olunmadı. Bizim uşaqlar isə çox ləng oynadılar. Habuki Farer adaları ilə görüşdə çox güc də sərf etməmişdilər, ağılla qalib gəlmişdilər. Məncə, yorğunluq, təcrübə söhbətlərini yığışdırmaq lazımdı. Deyirlər ki, kosovlular daha təcrübəlidi. Axı bizim uşaqlar neçə ildi çempionlar Liqasında, Avropa Liqasında oynayırlar. Futbolçuların niyə belə istəksiz olmalarına mən özüm də məəttəl qaldım.

- Əgər Millətlər Liqasında da qrupdan çıxa bilmiriksə, bu o demək deyil ki, bizdə futbol bərbad durumdadı, yox dərəcəsindədi?

- Bərbad deməzdim. çox iş görülməlidi. Məlum məsələdi ki, çempionatımızda komanda sayı azdı. Aşağı yaş qrupunda olanlar cavan məşqçilərdi, təcrübələri yoxdu. Onlara kömək lazımdı. Bizdə istedadlı uşaqlar var. Sadəcə, onları üzə çıxaracaq məşqçilər olmalıdı. Əvvəllər istedadlı gənclər tez üzə çıxırdı. çünki onlara təcrübəli mütəxəssislər rəhbərlik edirdi. İndi cavan məşqçilərdi. çalışqandılar, istəkləri var, amma təcrübələri azdı. Gərək əvvəlcə təcrübəli məşqçilərin yanında köməkçi kimi işləsinlər. İndi təcrübəli məşqçiləri uzaqlaşdırıblar. Futbolda hörmət yox, bilik, istək, işgüzarlıq lazımdı. çünki turnirlərdə ölkə təmsil olunur.

- Dekabrın 2-də Aç-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. Millətlər Liqasında qrupdan çıxa bilmiriksə, seçmə mərhələdə nəyə ümid edə bilərik?

- Əvvəllər necə oynamışıqsa, o cür də çıxış edəcəyik də. Püşkatmatdan çox şey asılı olacaq. Əlbəttə ki, indi daha güclü komandalarla görüşəcəyik. Amma bunların hamısına hazır olmalıyıq. Millətlər Liqasındakı oyunlar göstərdi ki, görüləsi iş çoxdu. Yaxşı oyunlara ümid edirəm. Bizim kimi yığmalar püşk vaxtı demirlər ki, final mərhələsinə gedəcəyik. Bizim üçün ora yeganə yol Millətlər Liqası idi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest