"Fasilədə əsas heyətin bəzi üzvləri  komandadan ayrıldı. Hər biri davamlı oynayırdı. Getməklərini istəməzdik. Yeni gələn oyunçular çalışırlar ki, onların yerini doldursunlar. Qış fasiləsində yaxşı hazırlıq keçdiyimizi düşünürəm. Bu gün hər komandaya qarşı mübarizə aparmağa hazırıq. Bütün görüşlər gərgin keçir, hamı hər oyunda xal itirə bilər. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Yalnız yaxşı çıxış etmək barədə düşünürük". Bu sözləri matc.az saytına "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. O, komandasındakı rəqabətsizlikdən gileylənib: "Hazırda heyətdə rəqabət baxımından çətinliyimiz var. İstərdik ki, oyunçular arasında rəqabəti artıraq. İmkan daxilində komandanı formalaşdırmağa çalışırıq. çempionatın az bir hissəsi qalıb. Əlimizdəki futbolçulardan istifadə etməliyik. Onların səviyyəsinin aşağı və ya yuxarı olması bizi narahat etmir. Əsas işə yanaşmalarıdır. Hər biri ən yaxşısını etmək üçün mübarizə aparır. Turnir cədvəlinə nəzər yetirsək, komandalar arasında elə ciddi bir fərq yoxdur. Hamı bir-birinə yaxın yerdə qərarlaşıb. Biz daha yüksək pillələrdə olmaq istəyirik. "Qəbələ"nin sonuncu sırada olması çıxışına görə deyil. Olduqca baxımlı oyun nümayiş etdirirlər. Qarşıda hələ çətin görüşlər var. İndidən Premyer Liqanı kimin tərk edəcəyini demək çətindir".

 

Gənc mütəxəssis Maykl Esyenin az oynaması və qarşıdakı "Neftçi" ilə görüş barədə də danışıb: "Esyen komandaya fayda vermək üçün çalışır. Bizə gələndə uzun müddət futbolsuz qalmışdı. Ona bir az vaxt lazım idi. Hazırda 90 dəqiqə oynamağa gücü çatmır. Yaşının və karyerasına fasilə verməsinin bunda rolu var. Ancaq özünün istəyi və peşəkarlığı daha çox forma şansı qazanmasına yardım edir. Qarşıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Biz bütün görüşlərə ciddi hazırlaşırıq.  İstər "Neftçi", istərsə də "Qarabağ" olsun. Diqqət etsəniz, bütün rəqiblərə qarşı güclü müqavimət göstəririk. çalışırıq ki, oyun və nəticə baxımından istədiyimizi qazanaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest