Bu gün Azərbaycan Cüdo Federasiyasının kollektivi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib. Matc.az xəbər verir ki, abidənin önünə tər güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edildikdən sonra ruhlarına dualar oxunub.
 
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Həmin kütləvi qırğın  zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi.
 
Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest