Azərbaycan üçün Avropa çempionatı xəyalı Priştinada puç oldu. Kosovoya "qələbə" deyib gedən milli komandamızı elə ordaca "dəfn etdilər".

Halbuki zədəli Kamran Ağayevi saymasaq, Farer adaları üzərində asan qələbə qazanan heyətdə dəyişiklik olmamışdı. Amma ilk hissədəki mübarizə komandanın oyuna hazır olmadığını, rəqibin düzgün "oxunmadığını" göstərdi. Düzdü, 2-ci dəqiqədəki qolu nəinki biz, bəlkə də, heç kosovolular özləri gözləmirdilər. Buna baxmayaraq, futbolçularımızın toparlanmaq üçün kifayət qədər vaxtları var idi. Onlar isə meydanda ayaqlarını sürüməklə məşğul idilər.

Xüsusən də, orta sahədə və irəlidəki "dişsiz" oyunu nəzərə alsaq, fasilədən sonra Qurban Qurbanovun taktiki dəyişikliyə əl atacağı düşünülürdü. Baş məşqçi dəyişiklik etdi, ancaq bu, sadəcə, təəccüb doğurdu. çünki hesabda geridə olan komanda 4-4-2 və ya 3-5-2-yə keçməli, Mirabdulla Abbasov mütləq ikinci hücumçu kimi meydana girməli idi. Qurbanov isə meydanda olan ön xətt oyunçusu Rüfət Dadaşovu da əvəzləyərək, faktiki olaraq hücumçusuz oyuna keçdi. Mirabdullaya isə artıq 0:3-də ehtiyac yox idi. Demirəm ki, bu dəyişikliklər mütləq geridönüşə səbəb olacaqdı. Komanda belədə bəlkə 0:4 yox, 0:5 və ya 0:6 hesabı ilə yeniləcəkdi. Ancaq o məqamda risk qaçılmaz idi.

Futbolçuları fərdi şəkildə dəyərləndirdikdə isə böyük hesabla uduzan komandanın üzvləri ən ağır tənqidlərə layiqdilər. Riçard Almeydanın sanki meydanı görmək qabiliyyəti itmiş, Dmitri Nazarov meydana yox, rinqə çıxmışdı. Rüfət Dadaşov müdafiəçilərin arxasında gizlənmişdisə, Pavel Paşayev kosovoluların qolları sıralamaları üçün var gücü ilə "çalışdı".

Kosovo futbolçuları səviyyəcə bizimkilərdən üstündü. Buna şübhə yoxdu. Ancaq dünən onlar səviyyə yox, istək hesabına qalib gəldilər. çünki start fitindən sona qədər gözlərindən çıxan qığılcım, döyüşmək əzmi azalmadı. Futbolda mübarizlik bəzən səviyyənin də önünə keçir. Bizim oyunçularda isə dünən nəinki qələbə, heç oynamaq həvəsi yox idi.

Səlahət Ağayev – Yaxşı formada olduğundan, əksəriyyət çərçivədə məhz onu görmək istəyirdi. Kamran Ağayevin zədələnməsi "Neftçi"nin qolkiperinə bu şansı yaratdı. Ancaq bəxtsizlikdən Səlahət komandanın bərbad oyun keçirdiyi görüşdə qapıda dayandı. Təbii ki, 4 top buraxan qapıçı tərifəlayiq deyil. Ancaq buna görə, bəlkə də, günahlandırılacaq son insan məhz Səlahət olmalıdı.

Bədavi Hüseynov – Rəqibin sürətli əks-hücumları zamanı Maksimdən fərqli, ön planda olurdu. Bir neçə dəfə kritik müdaxilə ilə hücumun qarşısını aldı. Amma 3-cü qolda onun da səhvi oldu. Yanlış mövqe seçimi rəqibin başla fərqlənməsinə yol açdı.

Maksim Medvedev – Ev sahiblərinin mərkəzdən həmlələrinin çoxunu Bədavi təkbaşına kəsdiyi üçün Maksim onun "kölgəsində gizlənmişdi". Kosovo orta sahəni asanlıqla keçdiyindən, müdafiəçilər azlıqda yaxalanırdılar ki, bu da onları çarəsiz duruma salırdı. Müdafiənin mərkəzində Paşayevə yaxın oynasa da, onun heç bir səhvini sığortalaya bilmədi.

Təmkin Xəlilzadə - çox irəli çıxa bilmirdi. çünki Kosovo irəlidə 3-4 nəfər saxlayır, topa sahib olan kimi, əks-hücuma keçirdi. Bu üzdən hücuma lazımınca dəstək vermirdi. Cinah ötürmələri isə adəti üzrə uğursuz olurdu. Ancaq müdafiə olunmaq baxımından əks cinahdakı komanda yoldaşı ilə müqayisədə pis deyildi.

Pavel Paşayev – Normal halda belə, hücuma çox dəstək verən, irəlidə faydalı iş əmsalı olan futbolçu deyil. Dünən isə heç müdafiə olunmağı bacarmadı. Şübhəsiz, komandanın ən "zəif bəndi" idi. Buraxılan 4 qolun hamısında birbaşa "xidməti" oldu. Müdafiəmizin sağ cinahında sanki Ukrayna Premyer Liqasında deyil, Azərbaycan I divizionunda oynayan həvəskar futbolçu çıxış edirdi. ötən əsrdə qalmış müdafiəçilər kimi, topu önündə görən kimi, gözlərini yumub, onu başından uzaqlaşdırırdı.

Qara Qarayev – Topa sahib olduğu zaman əksər hallarda Almeydanı axtarırdı. Ara-sıra uzun ötürmələrə üstünlük verirdi. Aşağı səviyyəli oyun keçirdi. İlk qolda isə sürətdə rəqibinə uduzdu.

Riçard Almeyda – Oyunun ən zəifləri arasında onun da adını yazmaq lazımdı. Əksər hallarda topu ayağında çox saxladığı üçün itirir, ötürmələri qeyri-dəqiq olurdu. Bəzi epizodlarda ağır hərəkət etməsi sürətli hücumların alınmasına mane olurdu. Orta sahədə liderliyi üzərinə götürə bilmədi. Formadan çox uzaq olduğunu görmək üçün nisbətən güclü rəqiblə qarşılaşması lazım imiş.

Dmitri Nazarov – Erkən qoldan sonra konsentrasiyanı ən çox itirən o idi. Ardıcıl kobudluqlarla dərhal da sarı vərəqə almağa "nail oldu". Tələskənliyə çox yol verirdi. Topu ələ keçirən kimi 30-35 metrlik məsafələrdən özünü zərbə mövqeyinə çıxarmaq barədə düşünürdü. Bu üzdən nə hücumçunu, nə də cinahdakı komanda yoldaşlarını gözü görürdü. II Bundesliqa klubunda ehtiyatda oturan bir oyunçu İtaliya, Almaniya, Hollandiya kimi ölkələrin yüksək liqa klublarında çıxış edənləri ancaq kobudluqlarla üstələyə bilərdi.

Mahir Mədətov – Sağ cinahda keçirdiyi birinci hissədə gözə dəymirdi. Komanda həmin zonadan çox hücum etmirdi. Fasilədən sonra əvəzləmə ilə hücumun mərkəzinə keçdi. Lakin 18 dəqiqə də burda gəzdikdən sonra əvəzləndi.

Araz Abdullayev – Milli daha çox onun cinahına "ağırlığını" qoymuşdu. Almeyda-Nazarov cütlüyü də Abdullayevə yaxın oynayırdılar. Ancaq hər iki oyunçunun zəif çıxışı Araza da mənfi təsir göstərməli idi. ön xətdəkilər arasında nisbətən çalışan yeganə futbolçu məhz Araz idi. Amma tək qaldığından, onu zərərsizləşdirmək müdafiəçilər üçün əziyyətsiz iş idi.

Rüfət Dadaşov – Hücumda itib-batmışdı. Sürətli hücumlar zamanı müdafiəçiləri özü ilə mərkəzə cəmləməyi bacarmırdı. İstədiyi topları ala bilmirdi ki, bunun da günahı özündə idi. çünki əksər hallarda kosovolu müdafiəçilərin arxasında qalırdı. Top uğrunda mübarizələrə girişmir, topun rəqibin bütün oyunçularını keçib önünə düşməsini gözləyirdi.

Əfran İsmayılov – Fasilədən sonra meydana girən yarımmüdafiəçi sevimli mövqeyində - sağ cinahda oynamalı idi. Ancaq "Sumqayıt"da belə normal futbol oynamayan birindən yığmanı xilas etməsini gözləmək gülünc olardı. Həmişə meydanda gördüyümüz Əfrandan fərqi yox idi: topla bir qədər irəliləyir və dərhal itirirdi.

Mirabdulla Abbasov – Əlavə edilmiş vaxtı da nəzərə alsaq, 30 dəqiqə meydanda oldu. Az müddət olsa da, hücumda hərəkətli görünürdü. Hətta bir epizodda qol vurmağa da yaxın oldu. Ancaq zərbəsini qapıçı dəf etdi. Komandanın oyunu pərən-pərən olduğundan, Abbasov da əlahiddə nəsə edə bilməzdi.

Ruslan Qurbanov – 71-ci dəqiqədə əvəzlədiyi Araz Abdullayevin oyununun yarısını ortaya qoya bilmədi. Meydanda sanki ilk dəqiqələrdən mübarizə aparmaqdan yorğun düşən Qurbanov var idi.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest