"Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı". Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbirdə deyib.

O, məcburiyyətdən tədbir başlar-başlamaz xarici şirkətdən suvenirlərin sifariş olunduğunu söyləyib: "4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı".

E.Məmmədov "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə müqayisədə AVRO-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını da vurğulayıb: "Bunun üçün bilet sahibi olmağa gərək yoxdur. Tam açıq, əyləncə məkanıdır. Təbii ki, orada qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq".

AFFA rəsmisi bildirib ki, AVRO-2020-nin fan-zonalarda hər bir məhsul satılacaq. Eyni məhsulu satmaqla, bir-birilərinə rəqabət yaradılmayacaq: "Qiymətlər tariflərə uyğun olacaq. Tarifləri isə tender vaxtı açıqlayacağıq".

E.Məmmədov çempionat oyunları zamanı süni qiymət artımına da münasibət bildirib: "Biz şəhərə nəzarət edə bilmərik. Paytaxtdakı restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil. Otellərdə qiymət artımı 30 faizdən çox olmamalıdır. Elə etməliyik ki, bura gələn turist bir neçə ildən sonra yenidən ölkəmizə öz ailəsi ilə yenidən qayıtsın. Əvvəllər restoranlar xaricdən gələnlər üçün ayrı, yerlilər üçün fərqli qiymətlər təklif edirdilər. Bunun qarşısı alındı. Özümüz də xidmətlərin ucuz olduğu yerlərə gedirik".

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. report.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest