Bu gün çempionlar Liqasının 1/8 final mərhələsi start götürür. Matc.az xəbər verir ki, "Atletiko" Madriddə "Liverpul"u, "Borussiya" isə Dortmundda PSJ-ni qəbul edəcək. Qarşılaşmalardan öncə ənənəvi mətbuat konfransları keçirilib.

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Futbolçular üçün ən çətin oyunlardan biridir. Nəticə qazanmağı bacaran komanda ilə qarşılaşırıq. Bəli, hazırda "Atletiko" əvvəlki gücündə olmaya bilər. Bu, futbolda adi haldır. Unutmayaq ki, rəqib hər zaman bütün gücü ilə "döyüşür". Bununla belə, özümüzü finala çıxa biləcək komanda olaraq görürük. Bizimlə yanaşı, bu cür düşünən başqa komandalar da var. ötən mövsüm "Bavariya"ya qarşı səfərdə yaxşı çıxış etmişdik. Düzdür, "Barselona"ya məğlub olsaq da, mübarizəmiz pis deyildi. çempionlar Liqasında səfər oyunları çox çətin olur. Ancaq biz İstanbula getmək istəyirik".

Trent Aleksander-Arnold ("Liverpul"un müdafiəçisi) : "Madriddə çox yaxşı xatirələrimiz var. Görüşə ciddi hazırlaşmışıq. Əgər düzgün motivasiya olsaq, istədiyimiz nəticəni qazanacağıq. Bütün rəqiblərə hörmət edirik. Ancaq hazırda elə bir heyətimiz var ki, bütün rəqiblərə qalib gələ bilərik. Müdafiə xəttimiz dünya səviyyəli futbolçulardan ibarətdir. Qapıçımız Alisson haqda isə danışmağa ehtiyac yoxdur. Biz ona minnətdarıq".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Möhtəşəm komandaya qarşı oynayacağımızın fərqindəyik. "Liverpul" ortaya tarixə düşəcək performans qoyur. Keçmişdə heyran olduğumuz komandalara bənzəmir. Olduqca əzmkar və sürətlidirlər. Bəzi insanlar Koutinyonun gedişindən sonra komandanın enişə düşəcəyini deyirdi. Ancaq belə olmadı. Kloppun rəhbərliyi altında "Borussiya"nın necə oynadığını da bilirik. İndi də "Liverpul"u qiymətləndirirəm. Deyə bilərəm ki, dünyanın ən güclüsünə qarşı oynayacağıq".

Yan Oblak: ("Atletiko"nun qapıçısı): "Liverpul" çox əla çıxış edir. Təbii ki, görüşün favoritidir.  Amma bu, o demək deyil ki, istədiklərini etməyə imkan verəcəyik. Cavab qarşılaşması öncəsi yaxşı nəticə əldə etməliyik. Mövsümün ən yaxşı matçını oynamalıyıq. "Liverpul"da hər mövqedə heyrətamiz oyunçuları var. Yalnız "üçlü" hücumları barədə deyil, bütün heyətləri barədə düşünməliyik".

Tomas Tuhel (PSJ-nin baş məşqçisi): "Dortmunda qayıtmaq məni sevindirir və vaxtilə doğma olan stadiondakı matçda xüsusi hisslər yaşayacağam. Ancaq hər şeyə psixoloji baxımdan hazır olmalıyıq. Bacarıqlarımızı nümayiş etdirmək, özümüzü bütün dünyaya göstərmək üçün böyük fürsət yaranıb. Heyətdə Neymar kimi oyunçumuz var. O, oyunun nəticəsini təkbaşına həll edə bilər. Onun performansı komanda yoldaşlarına inam verir və daha mübariz davranmalarına kömək edir".

Presnel Kimpebme: (PSJ-nin müdafiəçisi): "Borussiya" əla komandadır. Yalnız Erlinq Holannda qarşı deyil, rəqibin bütün oyunçularına qarşı da çox diqqətli davranmalıyıq. Bu stadiondakı atmosferdən danışmağa ehtiyac yoxdur. Ancaq biz olduqca təcrübəli komandayıq. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Lüsyen Favr ("Borussiya"nın baş məşqçisi): "PSJ-nin heyətini yaxşı tanıyırıq. Bir müddətdir rəqibi təhlil edib, bu görüşə hazırlaşırıq. Qarşımızda qrup mərhələsində "Real"dan üstün olmuş bir komanda var. Təbii ki, çox güclüdürlər. Erlinq Holanndın bu görüşdə çətinlik çəkəcəyini düşünmürəm. O, daha öncə "Zalsburq"un heyətində çempionlar Liqası matçı keçirib. Düşünmürəm ki, uyğunlaşmada problem yaşasın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest