"Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Rəqib komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram".
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
 
- Bugünkü məğlubiyyəti yorğunluqla, yoxsa psixoloji problemlərlə əlaqələndirərdiniz?
- Bunların heç birini səbəb gətirmək istəməzdim. Rəqibin gücü bizdən çox idi. üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi.
 
- Belə məğlubiyyətin qarşısını almaq üçün B planınız var idi?
- Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi. 
 
- Millətlər Liqasında belə nəticə göstərdiksə, Avropa çempionatının seçmə mərhələsində bizi nə gözləyir?
- Bizi nə gözlədiyini deyə bilmərik. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq. Hələlik bu suala cavab vermək düzgün olmaz. Müəyyən vaxt lazımdı (report.az). 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest