Azərbaycan derbisi – "Qarabağ" – "Neftçi" oyunu ölkə televiziya məkanı üçün yeniliklə əlamətdar oldu. İlk dəfə bir çempionat matçında xanım şərhçilik etdi. Kanalın aparıcısı Səmra Əliyeva Gündüz Abbaszadə ilə birgə mikrofon arxasında oldu.

İlk təcrübəsi ilə bağlı Səmra xanımın özü ilə danışdıq...

- ölkə çempionatında ilk – belə təqdim olunur. Həm də Azərbaycan derbisini – "Qarabağ" – "Neftçi" oyununu şərh etdiz. İlkin təəssüratınız necədi?
- Əslində, bundan əvvəl şərhdə olmuşam. Kişilərdən ibarət əsas komandaların oyununda. Amma 3-cü şərhçi kimi əsas şərhçilərə kömək etmişəm. Meydanın kənarında, texniki zonada nələr baş verdiyi barədə şərhçilərimizi məlumatlandırmışam. Dolayısıyla, 3-cü şərhçi kimi səsim efirə gedib. Bunlarla yanaşı qızlar futbolunu şərh etmişəm. 7-8-9 yaşlıların oyunlarında da şərhdə olmuşam. Amma kişilərdən ibarət komandaların oyununda əsas şərhçi kimi olmamışdım. Bu, ilk dəfə idi və "Qarabağ" – "Neftçi" oyununa təsadüf etdi.

- özünüzü necə hiss etdiz? 90 dəqiqə necə keçdi sizin üçün?
- Əvvəlcə mənim üçün çox çətin idi. Ancaq toparlanmağımda həmkarım Gündüz Abbaszadənin böyük təsiri oldu. Oyun başlayanda həyəcan hiss olunurdu. Ancaq ikinci hissəyə keçid ərəfəsində toparlanmağa başladım. Məncə, bu, daimi olarsa, yavaş-yavaş oturuşacaq öz yerinə. Hər işdə belədi.

- Sosial mediada kanalın addımı maraqla qarşılanıb. Gələcəkdə şərhçilikdə sizin maraqlı, fərqli təkliflərinizi gözləyək?
- Kanala təşəkkür edirəm ki, şərait yaratdılar. Təklif Rüstəm Əfsərlidən gəlmişdi. Xanım şərhçi adətən çox da birmənalı qarşılanmır. Düşünürəm ki, kanal etibar etsə, gələcəkdə də digər oyunları şərh etməyə hazıram. Bunun üçün çox çalışmaq lazımdı.

 

Səmra Əliyeva ilə birgə oyunu şərh edən Gündüz Abbaszadə də fikirlərini bölüşdü...

- İlk dəfə futbol oyununda qadın şərhçi. Əvvəlcə buna münasibətinizi bilək. Daha sonra bu praktikanı bizimlə paylaşardız – necə oldu?
- Əvvəla, diqqət ayırıb, bu məqamı qabartdığınıza görə təşəkkür edirəm. Zaman-zaman sosial şəbəkələrdə ilk qadın şərhçi kimi Aynur Talıbovanın adı çəkilir. O dönəmdə ANS-də olmuş biri kimi deyim ki, bəli, Aynur Talıbova seçimlərdə iştirak etmişdi, ancaq ona futbol şərh etmək qismət olmayıb. Səmra Azərbaycan televiziyası tarixində ilk qadın çərhçidi. Daha əvvəl şərh təcrübəsi olmuşdu, amma çempionat matçında, belə bir məsuliyyətli oyunda Səmra ilə birgə iş başında olmaq mənim üçün qürur, şərəf idi. Onunla uzun müdətdi birlikdə veriliş aparırıq. Səmra futbol biliyini, futbola baxışını bəyəndiyim jurnalistlərdəndi. Onu demək olar ki, yarım sözdən başa düşürəm. Belə bir məsuliyyətli oyunun şərhində yer almasına görə onun həyəcanı başadüşülən idi. Zaman-zaman bu məqamdan önə çıxan, səhv deməyək, xətalar var idi. Bununla belə, hesab edirəm ki, uğurlu təcrübədi və davam etdirilməlidi. Hesab edirəm ki, Səmra bu işdə bayraqdar olacaq. çox uğurlu alındı. Bəzi məqamlarda həyəcanını hiss edib, təşəbbüsü ələ alırdım ki, efirdə boşluqlar yaranmasın. İnsanlar bilmirlər, Səmranın bəxtindən idi, ya nə, şərhin gedişində texniki problem də yaşandı. Bunu hiss etdirməməyə çalışırdıq, dərhal da çözüldü.

- Səmra xanım özünü necə hiss edirdi?
- çox həyəcanlı idi. Amma zamanla bu da keçdi. Əsas bundan sonra necə hiss etməsidi. Məncə, yaxşı hiss etsin, onda alınacaq. Mütləq bunu davam etdirməlidi. Tənqidlər qaçılmazdı. Biz də əlimizdən gələn köməyi, dəstəyi əsirgəməyəcəyik.

- Tamaşaçıların reaksiyası maraqlı oldu. Təcrübəli şərhçi kimi sizin münasibətiniz necədi – qadın şərhçini auditoriyamız qəbul edəcəkmi?
- Bir çoxu yeniliyi qəbul etmirlər. ümid edirəm ki, tədricən qəbul olunacaq. Birdən-birə belə üzərinə gedilməsini düzgün hesab etmirəm. Şərh çox çətindi. Mikrofon qarşısında dayanan hər kəs bunu başa düşür. Zamanla auditoriyamız qadın futbol şərhçisini qəbul edəcək, etməlidi də. Tez-tez gender bərabərliyini qabardırıq, bu da o nümunələrdən biri olmalıdı. Əminəm Səmra sübut edəcək ki, Azərbaycanda yaxşı qadın futbol şərhçisi ola bilər. Bunu söz xatirinə yox, onun futbol biliyinə, bacarığına görə deyirəm. öz ilk şərhimlə Səmranın bugünkü şərhini müqayisə etsəm, deyərdim ki, ilk şərhində qat-qat daha yaxşı idi. Səmraya uğurlar arzulayıram. Sona qədər dəstəyimizi əsirgəməyəcəyik. futbolpress.az

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest