Kosovo ilə Millətlər Liqasının sabah keçiriləcək oyunu Azərbaycan millisinin tarixində 246-cı görüş olacaq. Matç.az saytı xəbər verir ki, ilk rəsmi görüşünü 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən millimiz indiyədək 245 oyuna çıxıb.

Yığmamız 26 ildə 48 qələbə qazanıb. Hesabında 67 heç-heçə olan milli 130 dəfə azarkeşlərini məyus edib. Futbolçularımız bu görüşlərdə 184 qol vurub, əvəzində 408-ni buraxıb.

Qarşıdakı matç komandamızın rəsmi yarışlarda 124-cü sınağıdı. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 123 görüş baş tutub. Cəmi 15 qələbəsi olan yığma 26 dəfə bərabərliklə kifayətlənib və 82 dəfə uduzub. 72 qol vuran futbolçularımız 253-nü buraxıb.

Millinin baş məşqçisi Qurban Qurbanov 12-ci dəfə millini meydana çıxaracaq. Bu, həm də komandamızın 2018-ci ildə 12-ci sınağıdı. Qurbanovlu komandamız əvvəlki 11 dueldə 4 dəfə qalib gəlib, 5 heç-heçə edib və yalnız 2 dəfə uduzub. 14 qol vuran yığmamız öz qapısından 8-ni buraxıb. Kosovodakı qələbə həm il ərzində, həm də Qurbanovla əldə olunan 5-ci uğur olacaq.

Onun yetirmələri 5 rəsmi matçda məğlubiyyət yaşamayıb. Millətlər Liqasında 2 qələbə və 3 heç-heçəsi olan milli top fərqində də öndədi – 7:2.

Millimiz səfərdə 122-ci oyununu keçirəcək. Əvvəlki 121 qarşılaşmada 13 qələbəsi olan komandamız 26 dəfə heç-heçə edib. 82 dəfə rəqib meydanında uduzan yığmamız 70 qol vurub, 268-ni buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest