21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Matç.az saytının məlumatına görə, gənclərimiz sabah növbəti yoxlama görüşünü keçirəcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın rəqibi Bosniya və Herseqovinadan olan həmyaşıdlarıdı.

Aç-2019-un seçmə mərhələsindəki uğursuz çıxışdan sonra növbəti turnirə hazırlığa başlayan millimiz 3 gün öncə ilk görüşünü Ukraynaya qarşı keçirmişdi. "Dalğa Arena"da baş tutan oyunda komandamız Avropa çempionatının bürünc mükafatçısına 0:1 hesabı ilə yenilmişdi. Aç-2021-in heyətini qurmağa başlayan Sadıqov kollektivə kifayət qədər yeni oyunçu cəlb edib.

Rəqib geridə qalan seçmə mərhələdə yer aldığı qrupda 18 xal toplasa da, bu, kifayət etməmişdi. Bosniyalılar Rumıniya və Portuqaliyanın ardından qrup üçüncüsü olmuşdular. Vinko Marinoviçin kollektivi bu dəfə arzusuna çatmaqda iddialıdı. 47 yaşlı mütəxəssis də həmkarı Rəşad Sadıqov kimi, yeni oyunçuları sınamaq qərarına gəlib.

Zenitsa səhərində baş tutacaq Bosniya və Herseqovina – Azərbaycan qarşılaşmasının start fiti Bakı vaxtı ilə 16:00-da veriləcək.

 

Yoxlama görüşü

19 noyabr

16:00. Bosniya və Herseqovina – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest