"Avropa Liqasının finalı zamanı Bakıda 38 min azarkeş gəldi. Bu turnir də yüksək səviyyədə təşkil olundu. UEFA tərəfindən son 10 ilin ən yüksək səviyyədə təşkil olunan yarışı hesab olundu". Matc.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün AFFA-nın növbəti konfransında çıxış edərkən deyib. O, 2016-cı ildən sonrakı dövr ərzində AFFA-nın fəaliyyətindən də danışıb:

"2016-cı ildə 17 yaşlıların Avropa çempionatı keçirildi, açılış oyununu rekord sayda azarkeş izlədi. Turnir UEFA tərəfindən yüksək qiymətləndirildi. ötən dövr ərzində müxtəlif məşq meydanları istifadəyə verildi. Növbəti dörd il üçün də infrastruktur layihələr planlaşdırılır. Şamaxıdakı stadionun tikintisinə mart ayından start veriləcək. Sumqayıtdakı stadionun yenidənqurması olacaq. Kütləvi futbolun inkişafında böyük işlər görülüb".

AFFA prezidenti milli komandanın çıxışına da toxunub: "Azarkeşləri, futbol ictimaiyyətini narahat edən məsələ millinin bu dövrdə yaxşı çıxış etməməsi oldu. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki əlimizdə yaxşı şans var idi ki, Bakıdakı final mərhələsində iştirak edək. Zəiflərin qrupundan çıxa bilmədik. AVRO-2020-nin seçmə mərhələsində də 1 xalla qrup sonuncusu olduq. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Avrokuboklarda klublarımız yaxşı çıxış etdilər. "Qarabağ" ardıcıl 6-cı dəfə avrokubokn qrupunda çıxış etdi. Digər klubların da çıxışını nəzərə alsaq, yaxşı nəticə idi".

Rövnəq Abdullayev hakimlərin də inkişafda olduğunu deyib: "Avropa ölkələrində hakimlərimizin xidmətlərinə ehtiyac duyulur. Müxtəlif ölkələrin vacib oyunlarına hakimlərimizin təyin olunması xəbərlərini eşidəcəyik. Peşəkar səviyyədə hakimlərimiz var. Bunu UEFA-da və FİFA-da qeyd edirlər. Bizim ən böyük problemimiz yayım məsələsi idi. "CBC Sport" kanalını yaratmaqla futbolumuzun televiziya yayımında sabitlik yarandı. ölkədaxili və beynəlxalq yarışlar yayımlanır".

O bildirib ki, AVRO-2020-də onların üzərinə böyük yük düşür: "İnanırıq ki, bu işin öhdəsindən layiqincə gələcəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest