Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Tobol"dakı gələcəyi hələ də müzakirə olunur. Matc.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, yerli mütəxəssislərdən Askar Kojaberqenov da məsələyə münasibət bildirib.

2006-2009-cu illərdə "Tobol"da məşqçi kimi fəaliyyət göstərmiş Kojaberqenov baş məşqçi postuna Qriqori Babayanın gətirilməsini menecerlərin hiyləsi kimi qələmə verib. 55 yaşlı mütəxəssis uzun illər "Astana"da köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş Ermənistan əsilli çalışdırıcının Balayevin durumuna siyasi yöndən baxmasının yanlışlıq olacağını düşünür.

Qazaxıstan millisinin keçmiş müdafiəçisi klub prezidentinin də buna imkan verməyəcəyini vurğulayıb: "Tobol"dan ayrılan futbolçuların super gücə malik olduğunu düşünmürəm. Gedənlər və onların yerinə gələnlər təxminən eyni səviyyədədilər. "Tobol"da məni qəzəbləndirən situasiya Balayev-Babayan durumudu. Bunlar, həqiqətən də, agentlərin hiyləsidi. Babayan Balayevlə bağlı durumu Ermənistanla Azərbaycan arasındakı münaqişə fonunda nəzərdən keçirə bilməz, çünki Qazaxıstanda böyüyüb. Düşünürəm ki, onun özü ilə heç bir əlaqəsi yoxdu və bununla bağlı şərh verməməsi müsbət haldı. Klub prezidenti Nikolay Panini yaxşı tanıyıram. Əminəm ki, o, bu məsələni heç müzakirə mövzusu etməyib. Bütün bunlar agentlərin işidi - bəlkə də, qapıçının getməsi üçün edilib. Bu duruma siyasi don geydirmək nəyə lazımdı? Balayev ayrılmaq istəyirsə, getməsinə icazə verin. Məncə, Babayan və Paninlə kompromisə getmək çətin olmayacaq. çünki onlar kifayət qədər adekvat futbol adamlarıdı".

Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqavilə müddəti bu ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest