Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimində 4-cü səbətdə yer almaq şanslarını itirib. Matç.az saytı xəbər verir ki, buna Millətlər Liqasının V turunun dünən keçirilən oyunları səbəb olub.

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək tədbirdə Qurban Qurbanovun yetirmələri ya 5-ci, ya da 6-cı səbətdə yer alacaq.

Avropa çempionatları tarixində ilk dəfə seçmə mərhələnin püşkünün səbətləri Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək. Seçmə oyunlarında ilk dəfə 55 komanda mübarizə aparacaq. Bu da meydan sahibi kimi heç bir yığmanın birbaşa vəsiqə qazanmaması ilə bağlıdı.

55 yığma Millətlər Liqasının ümumi sıralamasına əsasən 6 səbətə bölünəcək. 5 səbətdə 10, sonuncu da 5 komanda olacaq. Onlar seçmə mərhələnin 10 qrupunu təşkil edəcək ki, onların yarısı 6, yarısı 5 komandalı olacaq.

Səbətlərin tərkibi üçün həlledici olan ümumi sıralama isə yığmaların liqaları və oradakı mövqeyinə əsasən müəyyənləşir. Azərbaycan millisinin yer aldığı D Liqasının 16 komandası sıralamanın son pillələrindəqərarlaşacaq. Yəni bu yığmalar Avropanın 40-55-ci komandalarıdı.

ümumi sıralamada 40-cı, yəni D Liqasında 1-ci komanda 4-cü səbətdə olacaq. Bu da 4 qrup qalibindən birinin qismətinə düşəcək. Minimum pley-offa yüksələnlər arasında ən yaxşı nəticəni göstərən milli 40-cı hesab olunacaq.

3-cü qrupda mübarizə aparan Azərbaycan millisi 6 xala malikdi. Qurban Qurbanovun yetirmələri qrup qalibi olmaq imkanını saxlasa da, liqa birinciliyi şansını itirib. çünki dünən Andorra ilə heç-heçə edən Gürcüstan xal hesabını 13-ə çatdırıb. Başqa komandalar Gürcüstanı keçmək imkanına malik olsa da, yığmamız üçün qonşular əlçatmazdı. Yəni Liqada ən yaxşı olmaqla ümumi sıralamanın 40-cısı kimi 4-cü səbət ümidləri rəsmən bitib. Bu səbətlə rəsmən vidalaşan yığmamız böyük ehtimalla 5-ci "onluq"da qalacaq.

çünki 6-cı səbətə yalnız D Liqasında qrup sonuncusu olan 4 komanda və 3-cü yer sahibləri arasında ən zəif nəticəyə malik yığma qərarlaşacaq. Millimizin belə böyük uğursuzluq yaşamaq ehtimalı isə sıfıra yaxındı.

Artıq sabah 5-ci səbətdə olmağımız rəsmiləşə bilər. Bunun üçün millimiz Farer adalarına uduzmamalıdı. Evdəki istənilən xal qazancı 5-ci səbətin rəsmiləşməsi üçün yetərli olacaq. Bununla da komandamız həm qrup sonuncusu olmayacağını rəsmiləşdirəcək, həm də ən azı bir qrupun 3-cüsünü qabaqlayacaq.

Qeyd edək ki, artıq bəzi yığmaların səbəti dəqiqləşib. Belçika, Fransa, İtaliya, Portuqaliya, İspaniya, İsveçrə 1-ci səbətdə möhkəmlənib. Avstriya, İslandiya, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels 2-ci, Finlandiya, Şimali İrlandiya 3-cü, Litva, Sloveniya, Estoniya 4-cü, Lüksemburqla Moldova 5-ci, San-Marino 6-cı səbətdəki yerini rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest