"Qoritsa"nın yarımmüdafiəçisi Mario Marinanın "Sabah"a transferinin təfərrüatları müəyyənləşib. Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, Bakı təmsilçisi bu keçid müqabilində qarşı tərəfə təzminat ödəyib.

"Qoritsa" rəhbərliyi əslində onu satmaq fikrində olmayıb. Hadisələr cəmi iki gündə baş verib. 30 yaşlı orta sahə oyunçusu dekabrın 27-də özü rəhbərliklə görüşərək, "Sabah"dan sərfəli təklif aldığını və Azərbaycana yollanmaq istədiyini bilirib. Xorvatlar isə yalnız 100 min avroluq təzminat qarşılığında onun müqaviləsinə xitam veriləcəyini çatdırıb. Ertəsi gün "Sabah" qarşı tərəfin istəyini müsbət cavablandırıb və transfer reallaşıb.

"Qoritsa"nın idman direktoru Mindauqas Nikoliçius keçidlə bağlı bunları sözləyib: "Marinanın 30 yaşı var və bu, ölkə xaricində daha yaxşı qazanc əldə etmək üçün son şansı idi. Onun önündə əngəl yaratmaq istəmədik. Həm də bu keçiddən pul qazandıq".

Marina da iki il yarım formasını geyindiyi "Qoritsa"ya uğurlar arzulayıb: "Təəssüf ki, vidalaşıram. Həyatımda və karyeramda yeni səhifə açmağın vaxtı gəldi. "Qoritsa"da gözəl vaxt keçirdim, ən yüksək nəticələr qazandım. ümid edirəm ki, klub bu istiqamətdə davam edəcək".

Qeyd edək ki, Mario Marina "Sabah"la 1,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest