"Neftçi" azarkeşlərinin israrla istefasını tələb etdiyi paytaxt klubunun baş məşqçisi Roberto Bordinin aqibətinə aydınlıq gəlib. Matc.az saytının əldə etdiyi məlumata görə, italiyalı mütəxəssis ən azı mövsümün sonuna qədər postunda saxlanılacaq.

Son dövrlərdə hətta klub rəhbərliyində də Bordinin istefasını istəyənlərin olduğu barədə xəbərlər dolaşırdı. Lakin italiyalı məşqçinin öz istəyi ilə getmək istəmədiyi də bildirilirdi. Onu vaxtından öncə qovmaq istəyəcəkləri halda, ciddi təzminat ödəməli olan klub başbilənləri sonda bu sevdalarından vaz keçməli olublar.

Bordin 2018-ci ilin iyun ayından "Neftçi"nin "sükan arxasında" çalışır. Onun rəhbərliyi altında komanda cari mövsümdə ölkə kuboku ilə vidalaşıb, Premyer Liqada isə qış fasiləsinə 25 xalla 2-ci (lider "Qarabağ"ın 6 xal gerisində) pillədə yollanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest