Milli komandamızın keçmiş oyunçusu və 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri  Vəli Qasımovun 50 illik yubiley tədbirlərində qonaq kimi iştirak edən məşhur rusiyalı mütəxəssis Valeri Qazzayev tədbirdən sonra matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Azərbaycanda xoş gördük sizi. Təəssüratlarınız necədi?
- Təşəkkür edirəm. Belə tədbirləri davamlı eləmək lazımdı ki, futbolun populyarlaşmasına dəstək olaq. Azərbaycan futbolunun yaxşı tarixi var. Bunu unutsaq və gənclərə aşılamasaq, heç bir inkişafa nail ola bilməyəcəyik. Stadionları dolu görmək üçün bu cür oyunlar çox keçirilməlidi. KİV də bu işdə maraqlı olmalıdır. Bu gün İskəndər Cavadovun akademiyasında oldum və çox xoşuma gəldi. İlk növbədə səbəbkarı – Vəlini təbrik edirəm. Düşünürəm ki, onun inkişaf etməsində mənim də müəyyən rolum olub. Yaxşı oynadı və xaricdən dəvət aldı. Sizin futbolda İskəndər Cavadov, Nazim Süleymanov kimi nümunələr də var. Onlar Azərbaycan futbolunun tarixidir. Hələ Kazbek Tuayev, Anatoli Banişevski və digərləri haqqında danışmıram.

- Amma Nazim Süleymanov bu gün fərqlənə bilmədi...
- Düzdü, sürətini itirib. Amma texnikası hələ də qalıb. Nazim böyük futbolçu olub. O, təkcə "Alaniya"da deyil, bütün Rusiya futbolunda böyük iz qoyub. Bu cür oyunçular gənclərə örnək olmalıdılar.

- Rusiya futbolu son vaxtlar inkişafdadı...
- Əvvəlcə onu deyim ki, prezidentimiz Vladimir Putin ölkədə futbolun inkişafına böyük dəstək verir. Qarşımızda əsas məqsəd sağlam nəslin inkişafına dəstək olmaqdır. Futbola gəlincə isə, yayda Rusiyada keçirilən dünya çempionatı bu idman növünün populyarlaşmasına xidmət etdi, əsl propaqanda oldu. Bütün uşaq futbol məktəbləri, akademiyalar demək olar ki, dolub. çünki bura dünya şöhrətli oyunçular gəlmişdilər və hər uşaq özünü gələcəkdə milli komandanın heyətində görür. Xüsusilə də, millimizin mundialdakı çıxışı onlarda çox rəğbət yaratdı. Komandamız dünyanın ən güclü 8 yığmasının arasında yer aldı və bu, böyük reklam oldu. Düşünürəm ki, qarşıdakı 10 ildə çox yaxşı futbolçu nəsli yetişəcək. Bunu qədim ənənələrə malik olan Azərbaycan futboluna da arzulayıram.

- Əvvəllər Rusiya çempionatında xeyli azərbaycanlı futbolçular çıxış edirdilər, amma indi bu müşahidə olunmur. Sizcə, problem nədədi?
- Belə deyək, "Neftçi" SSRİ çempionatında çıxış edəndə ordan milli komandalara çoxlu oyunçular dəvət alırdılar. Bu da rəqabət yaradırdı. İndi isə ayrı çempionatlardı. Sizin oyunçuların nəinki Rusiya, Avropanın digər ölkələrində çıxış etmələri üçün daxili birincilikdə möhkəm rəqabət olmalıdır. çempionatınızda cəmi 8 komanda çıxış edir. Bu, ölkəniz üçün çox azdı. Tək "Qarabağ"la olmur. Düşünürəm ki, minimum 12-16 komanda olmalıdır. Əgər futbolun inkişafını istəyirsinizsə, bu istiqamətdə işləmək lazımdı.

- Ramil Şeydayev haqqında nə deyə bilərsiniz?
- Şeydayev çox perspektivli futbolçudur. Sadəcə tez-tez ölkə dəyişməsi, icarələr onu geri saldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest