"Neftçi" son illər yüksək ödənişli futbolçuları transfer etməklə diqqət çəksə də, yenə çətin vəziyyətlə üzləşib. Mövsümün ilk yarısı başa çatdığından, artıq ölkə çempionatı və kubokunda, Avropa Liqasındakı uğursuzluqların hesabatını vermək vaxtıdı. Neft də gedib, pul da. El dili ilə desək, it də gedib, ip də...

Bu səbəbdən komanda daxilində ciddi fikir ayrılıqları mövcuddu. Klub prezidenti Kamran Quliyev sponsorların sərt təpkisi ilə qarşılaşdığından "günah keçisi" axtarışına çıxıb. "Ağ-qaralar"a hər il milyonlar xərclənsə də, Avroliqa fiaskosu, çempionatda 6 xal uduzduğu "Qarabağ"ın kölgəsində qalması, kubokda ardıcıl 2 il özündən xeyli az büdcəyə malik "Sumqayıt"ın "qapazaltı"sına çevrilməsi sponsorların haqlı narazılığına səbəb olub.

Futbol ictimaiyyəti, azarkeşlər vəziyyətdən çıxış yolu kimi, baş məşqçi Roberto Bordinin istefaya göndərilməsini görür. Amma Kamran bəy fərqli düşündüyündən, hələlik səbr nümayiş etdirir. O, italiyalı mütəxəssisin vaxtından əvvəl qovulmasına və buna görə kompensasiya ödənilməsinə qarşıdı. Bununla belə, Quliyevdən dəstək almasına baxmayaraq, italiyalı çalışdırıcı təsisçilərin müdaxiləsi olmasa, mövsümün sonunadək postunda qalacaq.

Artıq qış planını, heyətdə görmək istəmədiyi futbolçuların adlarını rəhbərliyə təqdim edib, istirahətə yollanan Bordinin komandadan uzaqlaşdırmaq istədiyi daha bir şəxs var ki, onun "Neftçi" üçün elədikləri Bordinlə Quliyevin elədiklərinin cəmindən daha çoxdu. Söhbət Ceyhun Sultanovdan gedir ki, idman direktoru kubokun "Sumqayıt" biabırçılığından sonra italiyalı mütəxəssisin "bostanına daş atmaqdan" çəkinməmişdi. Klub daxilində də az qala hamı son iki ildəki uğursuzluğun "memarı" kimi Bordini günahlandırıb, onun istefaya göndərilməsinin vacibliyini dilə gətirsə də, Kamran müəllim tələsmir. Səbəb çox sadədi: özünü sudan quru çıxarmaq cəhdi.

İndi vəziyyət o həddə çatıb ki, uğursuzluğa görə kimsə mütləq "xərclənməlidi". Hədəfdə iki "qurban" var: Bordin və Sultanov. Bu şəxslərdən birinin yanvardan sonra klubda qalmayacağı barədə xəbərlər dolaşır.

Quliyev isə nədənsə illərdi birgə çalışdığı Sultanovun deyil, italiyalının yanındadı. Amma fakt odu ki, hamı daha çox Kamran müəllimlə Bordindən narazıdı. İndi Quliyevin mövqeyi maraqla gözlənilir: İllərin dostunu satmaq, yoxsa uğursuz məşqçini müdafiə etmək?

Kamran bəyin futboldakı fəaliyyətini yaxından izləyənlər yaxşı bilirlər. Artıq iki klubun prezidenti kreslosunda oturmağa macal tapan Quliyevin dost-tanışı güdaza verməkdə böyük təcrübəsi var...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest