Millətlər Liqasında son ev oyununu keçirəcək Azərbaycan millisi Farer adaları ilə qarşılaşacaq. Matç.az saytı xəbər verir ki, noyabrın 17-də keçiriləcək görüş iki komanda arasında 3-cü duel olacaq.

Farer adaları ilə indiyədək 2 oyun baş tutub. Hər iki matç da futbol tariximizə düşüb.

İlk dəfə 22 il öncə üz-üzə gələn komandalar 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində münasibətlərini aydınlaşdırıb. Yığmamız tarixinin ilk böyükhesablı qələbəsini həmi gün qazanıb.

Kazbek Tuayevin baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə yenib. Yığmanın heyətində millimizin indiki baş məşqçisi Qurban Qurbanov 30-cu dəqiqədə 3-cü qolu vuraraq darmadağını rəsmiləşdirib. Bunadək isə 10-cü dəqiqədə Vyaçeslav Lıçkin, 23-cü dəqiqədə isə Yunis Hüseynov fərqlənib.

İki ölkənin əsas bu il oktyabrın 11-də ilk dəfə rəsmi matçda görüşüb. Torshavn şəhərindəki duel yenə 3:0 hesabı ilə başa çatıb.

Millimizin heyətində dubl edən Riçard Almeyda 28-ci və 86-cı dəqiqələrdə fərqlənib. Dmitri Nazarov isə 68-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Bu görüş isə millinin səfərdəki ilk böyükhesablı qələbəsi olub. Bir sözlə, yığmamız həm ümumilikdə ilk, həm də səfərdə ilk belə qələbəni eyni rəqiblə matçlarda qazanıb.

İki gündən sonra Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma da bir ilklə əlamətdar olacaq. Farer adaları ilə ilk dəfə evdə qarşılaşacağıq. Bakıda ilk dəfə qonaq olacaq rəqiblə oyunu digər məqamlarla da tarixə düşməsi isə matçın nəticəsindən asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest