Azərbaycan millisi noyabrın 17-də növbəti oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının V turunda Farer adalarını qəbul edəcək yığmamız tarixində 5-ci dəfə öz oyununu noyabrın 17-də keçirəcək.

Komandamız indiyədək 4 dəfə bu gündə meydana çıxıb. Noyabrın 17-nə təsadüf edən yeganə qələbə 3 il əvvəl qeydə alınıb. Millimiz Moldova ilə Bakı Olimpiya Stadionundakı qarşılaşmada 2:1 hesablı qələbəyə sevinib. Həmin oyun Azərbaycan millisinin bu arenada ilk qələbəsi kimi tarixə düşüb. Komandamız 3 ildən sonra eyni məkanda rəqibini qəbul edəcək.

Millimiz noyabrın 17-də yalnız bir heç-heçə edib. 2004-cü ildə bu tarixdəki ilk görüş Bolqarıstanla Bakıdakı yoxlama oyunu olub. Matçda qapılara qol vurulmayıb.

Digər iki qarşılaşmada isə noyabrın 17-si uğursuz olub. Bu gündəki yeganə rəsmi oyun 2007-ci ildə Finlandiyada baş tutub. Meydan sahibləri AVRO-2008-in seçmə görüşündə 2:1 hesabı ilə qalib gəlib.

Yığmamız 3 il sonra Monteneqrodakı yoxlama qarşılaşmasında meydan sahiblərinə uduzub.  Bu dəfə rəqib daha böyük fərqə nail olub – 2:0.

ümumilikdə isə noyabrın 17-də keçirilən 4 matçda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti olan komandamız 3 qol vurub, 5-ni buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest